Tez-tez verilən suallar
“Yüksəliş” müsabiqəsi idarəetmə bacarığı və intellektual səviyyəsi yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi, bununla da, ölkədə kadr ehtiyatı bankının yaradılmasına kömək edən açıq müsabiqədir. Müsabiqənin rəsmi dili Azərbaycan dilidir. Müsabiqənin rəsmi internet səhifəsi “yukselish.az”dır.
Qeydiyyat üçün namizədlərdən tələb olunan meyarlar:
• Müsabiqənin qeydiyyat mərhələsi bitənədək 21–51 yaş arasında olması;
• Ali təhsilli olması;
• Azərbaycan Respublikasının vətəndaşı olması;
• Ən azı 2 il idarəetmə təcrübəsinin olması.*
*İdarəetmə təcrübəsi dedikdə rəhbərlik mövqeyində təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və sairlərin idarə olunması nəzərdə tutulur.
"Yüksəliş" müsabiqəsində qalib olduğunuz halda:
• Fərdi inkişaf üçün 20 min manat dəyərində pul mükafatı əldə edəcəksiniz;
• Mentorluq proqramı və təlimlərdə iştirak etmək hüququ qazanacaqsınız;
• Azərbaycanın ən tanınmış idarəçi rəhbərləri ilə tanışlıq yaradacaq və sosial lift imkanı əldə edəcəksiniz;
• İdarəetmə bacarıqlarınız haqqında hərtərəfli fikir sahibi olacaqsınız;
• Kadr Bankına daxil ediləcəksiniz.
Eyni zamanda, "Yüksəliş" müsabiqəsinə qoşulmağın ən vacib üstünlükləri təcrübə mübadiləsi, müxtəlif komandalarda işləmək, həmfikir insanlarla əlaqə yaratmaq və ölkə daxilində böyük təcrübəyə malik peşəkarlarla şəxsi əlaqələr qurmaq imkanıdır. Bütün bunlar özünüzü başqaları ilə müqayisə etməklə yanaşı, həm də idarəetmə bacarıqlarınızı gücləndirmək və məqsədə çatmaq üçün sərt, lakin ədalətli mübarizədə sınamaq fürsətidir.
• Azərbaycan Respublikasının vətəndaşı olmalı;
• Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olmalı;
• Ali təhsilli olmalı;
• Ən az 2 il idarəetmə təcrübəsinə* sahib olmalıdır.
*İdarəetmə təcrübəsi dedikdə rəhbərlik mövqeyində təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və sairlərin idarə olunması nəzərdə tutulur.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ildə bir dəfə keçirilir. İlk addım olaraq “yukselish.az” veb-saytına daxil olub həmin il üçün müəyyən olunmuş qeydiyyat müddətində “Qeydiyyat” düyməsini klikləyərək şəxsiyyət vəsiqəsinin məlumatlarını (FİN kod, seriya və nömrə), aktiv mobil nömrə və e-poçt ünvanını daxil etməklə şəxsi kabinet yaratmalısınız. Şəxsi kabinet yaradarkən bütün xanaları doldurmaq və şəxsi məlumatları təsdiq etməklə həmin il keçirilən müsabiqədə qeydiyyatdan keçirsiniz. Şəxsi kabinetə daxil olmaq üçün Sizə müvəqqəti şifr təyin olunur və bununla bağlı e-poçt ünvanınıza imeyl gəlir.
Şəxsi kabinetiniz artıq mövcud olduğu halda “Şəxsi kabinet” bölməsinə daxil olaraq məlumatlarınızı yeniləməli və müsabiqə qaydalarını qəbul edərək həmin ildə keçirilən müsabiqədə iştirakınızı təsdiq etməlisiniz.
Xeyr, müsabiqədə iştirak ödənişsizdir.
İştirakçıların seçimi onların ümumi dünyagörüşü, analitik (koqnitiv) bacarıqları, idarəetmə qabiliyyətləri və “Yüksəliş” müsabiqəsinin yarımfinal-final mərhələləri üçün nəzərdə tutulmuş kompetensiya və rol modellərinə uyğunluğu əsasında aparılır.
Müsabiqənin mərhələləri haqqında məlumat əldə etmək üçün “yukselish.az” veb-saytının “Mərhələlər” bölməsinə keçid edə bilərsiniz.
Müsabiqədə hərbi xidmətdə olan şəxslər də iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün əsas tələblərdən biri iş təcrübəsinin olmasıdır. Həmçinin xatırlatmaq istərdik ki, müsabiqənin qaydalarına əsasən, yaşı 21-dən 51-dək olan iştirakçılar ən azı 2 il idarəetmə təcrübəsinə sahib, ali təhsilli və Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.
Bəli, müsabiqənin şərtlərinə uyğun gəldiyiniz və müvafiq iş təcrübəniz olduğu halda iştirak edə bilərsiniz.
Sual və təkliflərinizi təqdim etmək üçün “yukselish.az” veb-saytının “Əlaqə” bölməsində qeyd olunan vasitələrdən istifadə edə bilərsiniz.
Hesabınıza girişi bərpa etmək üçün "Şifri unutmusunuz?" düyməsini klikləyin və təlimatlara əməl edin. Girişi bərpa etmək mümkün olmadıqda “yukselish.az” veb-saytının “Əlaqə” bölməsində qeyd olunan vasitələr ilə məlumat verə bilərsiniz.
Xeyr, müsabiqə heç bir iştirakçının səfər xərcini ödəmir.
Bütün imtahanların, yarımfinal və finalın tarixləri şəxsi kabinetinizin “İdarə paneli”ndə yerləşdirilmiş təqvimdə qeyd olunur.
İmtahanların təyin olunmuş tarix və ya saatını hər hansı səbəbdən dəyişmək mümkün deyil. İmtahanın keçirilmə vaxtı öncədən bildirilir, işlərinizi buna uyğun planlamağınız tövsiyə olunur. Qeyd edək ki, bütün imtahanların tarixləri şəxsi kabinetinizin “İdarə paneli”ndə yerləşdirilmiş təqvimdə qeyd olunur.
• Bir neçə dəqiqə gözləyin, kod adətən 2 dəqiqə ərzində göndərilir;
• Telefon nömrənizi düzgün daxil etdiyinizə əmin olun;
• Mobil operatorunuzla əlaqə saxlayaraq nömrənizə qısa nömrələrdən SMS qəbuluna məhdudiyyət qoyulub-qoyulmadığını dəqiqləşdirin;
• SMS bölməsindəki “Spam” və ya “Bloklanmış mesajlar” hissəsini yoxlayın.
Əgər problem davam edirsə, “yukselish.az” veb-saytının “Əlaqə” bölməsində göstərilən vasitələrlə əlaqə saxlayın.
“yukselish.az” veb-saytının “Əlaqə” bölməsində qeyd olunan vasitələr ilə təklifinizi və ya nəyi dəyişdirmək istədiyinizi bizə qeyd edə bilərsiniz.
İdarəetmə təcrübəsi dedikdə rəhbərlik mövqeyində təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və sairin idarə olunması nəzərdə tutulur.
Qeydiyyat zamanı şəxsi kabinetdə mütləq doldurulmalı suallar var. Bu suallar “*” işarəsi ilə qeyd olunub. Belə suallardan hər hansısa boş qaldıqda sistem qeydiyyatı tamamlamır və ekranın yuxarı hissəsində boş buraxılan məcburi xanaların hansı bölmədə və hansı sualda olduğu qeyd olunur.
Xeyr, qeydiyyatdan keçmək yalnız qeydiyyat müddətində mümkündür.
“yukselish.az” veb-saytının “Əlaqə” bölməsində qeyd olunan vasitələr ilə düzəliş olunmalı məlumatları bizə göndərin və biz Sizin şəxsi kabinetinizdə lazımi düzəlişləri edə bilərik.
Qaydalara əsasən, müsabiqədə yalnız Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə qeydiyyatdan keçmək üçün FİN kodunuzu və şəxsiyyət vəsiqənizin seriya və nömrəsini bilməyiniz yetərlidir. İmtahana gəldiyiniz zaman bu məlumatları "my.gov.az" portalı üzərindən təqdim etməyiniz kifayətdir.
Kompüterdən əlavə, smartfon və planşet vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.
Başqa bir nömrə və ya elektron ünvan göstərməklə, cihaz vasitəsilə qeydiyyatdan keçmək üçün cəhd edin.
Zəhmət olmasa, başqa bir nömrə və ya e-mail göstərərək göstərərək yenidən qeydiyyatdan keçməyə cəhd edin. Qeydiyyat zamanı iştirakçının daxil etdiyi mobil nömrə və e-mail adresi yalnız bir FİN kod üçün istifadə edilə bilər.
Müsabiqənin növbəti mərhələlərinə dair məlumatlar qeydiyyatdan keçdiyiniz elektron ünvana və şəxsi kabinetə göndəriləcək. Müsabiqənin rəsmi saytında və sosial şəbəkələrində olan xəbərləri izləyin.
"Yüksəliş" müsabiqəsi beşinci dəfədir keçirilir və layihənin gələcəkdə davam etdirilməsi tələbə görə müəyyən ediləcək.
Müsabiqə çərçivəsində hərbçilərə heç bir məhdudiyyət qoyulmayıb. Müsabiqədə iştirak etmək üçün əsas tələblərdən biri iş təcrübəsinin olmasıdır.
Həmçinin, xatırlatmaq istərdik ki, müsabiqənin qaydalarına əsasən, yaşı 21-dən 51-dək olan iştirakçıların ən azı 2 il iş təcrübəsi olmalı və Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.
Zəhmət olmasa, dəstək xidməti vasitəsilə düzgün məlumatları göndərin və biz Sizin anket sorğunuza lazımı dəyişiklikləri aparacağıq
Bəli, müvafiq iş təcrübəniz olduğu halda, iştirak edə bilərsiniz.
Qaydalara əsasən, müsabiqədə yalnız Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Siz şəxsiyyət vəsiqəniz olmadan müsabiqədə iştirak edə bilməzsiniz.
Əlavə suallarınız varsa, dəstək xidmətinə müraciət edə bilərsiniz.
Qeydiyyat mərhələsini kompüterdən əlavə, smartfon və planşet vasitəsi ilə də tamamlamaq mümkündür.
Bəli, əgər şəxsi kabinetiniz mövcuddursa, kabinetə daxil olaraq “İdarə paneli”ndə qeyd olunan müsabiqə qaydalarını qəbul edərək və şəxsi məlumatlarınızın aktuallığını təsdiq edərək qeydiyyatınızı təsdiqləməyiniz mütləqdir.
Qeydiyyatdan keçdiyiniz zaman qeyd etdiyiniz elektron poçt ünvanını dəyişmək üçün “yukselish.az” veb-saytının “Əlaqə” bölməsində qeyd olunan vasitələr ilə əlaqə saxlayaraq yeni əlavə olunacaq e-poçt ünvanı haqqında məlumat verə bilərsiniz.
Şəxsi kabinetdə qeyd olunan məlumatların bir çox hissəsini iştirakçılar redaktə edə bilirlər. Məsələn, təhsillə bağlı, iş yerləri haqqında məlumat və s. lakin, qeydiyyat zamanı təqdim etdiyiniz bəzi məlumatlar sistem tərəfindən qorunduğu üçün iştirakçı tərəfindən dəyişdirilə bilmir. Əgər qeyd etdiyiniz məlumatları dəyişməkdə problem yaşasanız, “yukselish.az” veb-saytının “Əlaqə” bölməsində qeyd olunan vasitələr ilə yeni əlavə olunacaq məlumatlar haqqında bizə ətraflı məlumat verə bilərsiniz.
Qeydiyyatdan keçdiyiniz zaman qeyd etdiyiniz məlumatlar “Yüksəliş” İşçi Qrupu tərəfindən yoxlanılır və müsabiqə meyarlarına uyğun gəlməyən iştirakçılar imtahanlara buraxılmır.
Şəffaflıq və obyektivlik “Yüksəliş” müsabiqəsinin əsas dəyərlərindəndir. Seçim prosesi bu dəyərlərə əsaslanaraq həyata keçirilir.
Şəffaflığı və obyektivliyi təmin etmək üçün Analitik təhlil və İdarəetmə bacarıqları imtahanları əyani formatda imtahan nəzarətçilərinin müşahidəsi altında keçirilir. Hər imtahan sessiyası üçün eyni çətinlik dərəcəsində fərqli suallar hazırlanır və onların məxfiliyi tam qorunur. İmtahan prosesi “Moodle” platforması üzərində həyata keçirilir. İştirakçılar imtahan platformasına eyni anda daxil olaraq imtahana başlayırlar və imtahan müddətində iştirakçıların icra etdiyi bütün əməliyyatlar sistem tərəfindən qeydə alınır. İmtahan nəticələri yalnız iştirakçıların verdiyi cavablar əsasında hesablanır.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi heç bir hazırlıq kursu ilə əməkdaşlıq etmir və müsabiqəyə dair hər hansı vəsait təqdim edilmir.
“Yüksəliş” tərəfindən göndərilən təsdiqləmə linki gələnlər qutusuna daxil olmayıbsa zəhmət olmasa spam, reklamlar, eləcə də, digər bölmələri mütəmadi olaraq yoxlamağınız xahiş olunur.
İmtahanlar iştirakçının öncədən qazanılmış bilik, bacarıq və təcrübəsinin ölçülməsi məqsədini daşıyır. “Yüksəliş” İctimai Birliyi imtahana hazırlıq məqsədilə heç bir tədris vəsaiti, material və ya resurs təqdim etmir. Həmçinin hər hansı hazırlıq kursu, tədris mərkəzi və ya şirkətlə əməkdaşlıq etmir və belə qurumlara rəsmi dəstək göstərmir.
Təəssüf ki, hər hansı bir səbəbdən imtahan tarixi və ya saatını dəyişmək mümkün deyil.
Sınaq imtahanları Ümumi biliklər və Analitik təhlil imtahanları üçün nəzərdə tutulmuşdur. Sınaq imtahanlarında iştirak etməyiniz tövsiyə olunur. Lakin sınaq imtahanında iştirak edə bilmədiyiniz təqdirdə əsas imtahanda iştirak edə bilərsiniz. Xatırladırıq ki, sınaq imtahanının nəticələri namizədlərin müsabiqədə iştirakına heç bir şəkildə təsir etmir.
“Yüksəliş” müsabiqəsi tərəfindən imtahanlara korporativ kompüterlərlə qoşulmağınıza heç bir məhdudiyyət qoyulmur. Lakin şirkətinizin kibertəhlükəsizlik məhdudiyyətlərinə əsasən, imtahana korporativ kompüterlə qoşulduğunuz zaman bəzi çətinliklər yarana bilər. Bu hallarda fərdi kompüterdən istifadə edin və ya şirkətinizin IT xidməti ilə əlaqə saxlayın.
İmtahana keçid linkini kliklədikdən sonra keçid 60 saniyə ərzində baş verir. Əgər bu müddətdə keçid baş tutmasa, aşağıdakı əməliyyatlardan birini icra edin:
1.Cihazınızda antivirusun keçid linkini məhdudlaşdırmadığına əmin olun.
2. Əgər imtahanı korporativ kompüterdə verirsinizsə, keçid linkinin şirkətin daxili təhlükəsizlik sistemi tərəfindən bloklanmadığını yoxlayın. Keçid linki bloklandığı halda fərdi kompüterinizdən şəxsi kabinetə daxil olun, keçid linkinə klikləyin və ya şirkətinizin IT xidməti ilə əlaqə saxlayın.
3. Başqa saytlar açmaqla internet bağlantınızı yoxlayın.
İmtahan platformasında “Testi başla” düyməsinin aktiv olması üçün səhifəni yeniləmək Ctrl + F5 (Mac OS X üçün ⌘Cmd + R) linkərini lazımdır.
Müsabiqənin qaydalarına əsasən, imtahan onlayn formatda keçirildiyi halda zəruri olan avadanlıqların fasiləsiz fəaliyyətinə görə iştirakçı məsuliyyət daşıyır. Cihazın texniki nasazlıqları səbəbindən, təəssüf ki, imtahanın yenidən keçirilməsi mümkün deyil.
Bu xəta adətən internet bağlantısı və ya serverə müvəqqəti çıxış problemi səbəbindən yaranır. Problemi aradan qaldırmaq üçün aşağıdakı addımlardan birini yerinə yetirin:
• Səhifəni yeniləyin, yəni Ctrl + F5 (“Mac OS X” üçün ⌘Cmd + R) düymələrini klikləyin.
• İnternet bağlantınızı yoxlayın, digər veb-saytların açılıb-açılmadığını nəzərdən keçirməklə əlaqəni test edin.
• Fərqli brauzerlərdən daxil olmağa cəhd edin.
• Əgər problem davam edirsə, “yukselish.az” veb-saytının “Əlaqə” bölməsində göstərilən vasitələrlə əlaqə saxlayın.
Şəkil və ya mətn görünmürsə, aşağıdakı əməliyyatlardan birini icra edin:
• Ctrl + F5 (Mac OS X üçün ⌘Cmd + R) düymələrini klikləyərək hər hansı test sualında brauzerinizin səhifəsini yeniləyin.
• Əmin olun ki, brauzerinizdə şəkillərin əks etdirilməsi funksiyası işlək vəziyyətdədir.
• İmtahan müddətində reklamları blok edən proqramları (məsələn, “AdBlock”) söndürün.
Şəxsi kabinetinizdəki imtahana keçid linkinə yenidən daxil olun ("Testi başla" düyməsini klikləyin). Daha sonra imtahana qaldığınız yerdən davam edə bilərsiniz.
Hər tapşırığın cavablandırılması üçün ayrıca vaxt limiti yoxdur, ayrılan vaxt bütün blokun cavablandırılması üçün nəzərdə tutulur. Blokdan asılı olaraq ayrılan vaxt fərqlənə bilər. Daha ətraflı məlumat hər imtahandan öncə şəxsi kabinetdə yerləşdirilmiş təlimatda qeyd olunur.
Bəli, bloku təyin edilmiş vaxtdan tez tamamladıqda növbəti bloka keçə bilərsiniz.
İmtahan qaydalarına əsasən, blok daxilində ekranın sağ tərəfində olan naviqasiya vasitəsilə əvvəlki suallara qayıdaraq cavab variantlarını dəyişə və ya cavablandırılmayan sualları cavablandıra bilərsiniz. Bloku tamamlamış iştirakçılar əvvəlki suallara qayıdıb cavablarını dəyişə bilməzlər.
Blokdakı bütün sualları cavablandırdıqdan sonra sonuncu sualda yerləşən “Testin sonu” düyməsini klikləyin. Daha sonra açılan yeni pəncərədə “Hamısını göndər və testi sona çatdır” düyməsini klikləyərək prosesi tamamlayın.
İmtahan bitdikdən sonra doğru cavablandırdığınız sualların sayını və topladığınız xam balları imtahan platformasındakı “Qiymətlər” bölməsində görə bilərsiniz.
İmtahan bitəndən sonra növbəti 5-7 iş günü ərzində nəticələr hesablanaraq müvafiq hesabat şəklində iştirakçıların şəxsi kabinetlərindəki “Hesabatlar” bölməsinə yerləşdirilir.
E-poçt vasitəsilə göndərilən apellyasiya müraciətlərinə baxılmır.
Apellyasiya müraciətləri hesabatlar şəxsi kabinetə yükləndikdən sonra 24 saat ərzində yalnız şəxsi kabinetin “Apellyasiya” bölməsi üzərindən qəbul edilir. Müraciətlər 5-7 iş günü ərzində yalnız şəxsi kabinet vasitəsilə cavablandırılır.
E-poçt vasitəsilə göndərilən apellyasiya müraciətlərinə baxılmır.
İmtahan sualları ilə bağlı müraciətlər, hesabatlar şəxsi kabinetə yükləndikdən sonra 24 saat ərzində yalnız şəxsi kabinetin “Apellyasiya” bölməsi üzərindən qəbul edilir və 5-7 iş günü ərzində yalnız şəxsi kabinet vasitəsilə cavablandırılır.
E-poçt vasitəsilə imtahan sualları ilə bağlı göndərilən müraciətlərə baxılmır.
Qeydiyyat mərhələsini uğurla başa vuran bütün iştirakçılar Ümumi biliklər imtahanında iştirak etmək hüququ qazanırlar. Ümumi biliklər imtahanının məqsədi iştirakçıların ümumi dünyagörüşünü yoxlamaqdır.
Bu imtahan 4 blokdan ibarətdir və hər blok üzrə 25 sual olmaqla, ümumilikdə 100 sual təqdim olunur:
• Azərbaycan üzrə sual bloku (25 sual);
• Dünya üzrə sual bloku (25 sual);
• İdarəetmənin əsasları (25 sual);
• Müasir trendlər (25 sual).
Bütün bloklar verilmiş ardıcıllıq üzrə cavablandırılmalıdır. Bu imtahanda 60 və daha çox bal toplayan iştirakçılar növbəti mərhələyə keçid hüququ əldə edirlər.
İştirakçılar imtahanda iştirak etmək üçün mütləq kompüterdən və ya notbukdan istifadə etməlidirlər (smartfon və ya planşetlə imtahan vermək mümkün deyil). Kəsintisiz internet bağlantısına və elektron avadanlığın texniki göstəricilərinə görə iştirakçılar şəxsən məsuliyyət daşıyırlar.
İmtahanların keçirilmə vaxtı barədə məlumat şəxsi kabinetinizdə yerləşdirilir. Əsas imtahanda iştirak etmədiyiniz halda Siz müsabiqənin növbəti mərhələlərində iştirak hüququnu itirirsiniz.
Ümumi biliklər imtahanından əvvəl bütün iştirakçılara onlayn sınaq imtahanında iştirak etmələri tövsiyə olunur. Sınaq imtahanı iştirakçılara analoji tapşırıq nümunələri ilə tanışlığa, testin texniki icrasının səviyyəsini yoxlamağa, mümkün çətinlik və problemləri öncədən müəyyənləşdirib, onları aradan qaldırmağa kömək edir. Xatırladırıq ki, sınaq imtahanının nəticələri namizədlərin müsabiqədə iştirakına heç bir şəkildə təsir etmir.
• Ümumi biliklər imtahanı onlayn formatda keçirilir və imtahanda iştirak etmək üçün mütləq kompüterdən və ya notbukdan istifadə edilməlidir (smartfon və ya planşetlə imtahan vermək mümkün deyil).
• İmtahan zamanı son versiya “Google Chrome”, “Safari” və ya “Mozilla” brauzerlərindən istifadə edilməli və internet bağlantısının sürəti ən azı 1 Mbit/san olmalıdır.
• Diqqətinizin yayınmaması və yalnız tapşırıqların icrasına yönəldilməsi üçün sualları sakit şəraitdə cavablandırmaq olduqca vacibdir.
• Bütün bloklar üzrə zaman məhdudiyyəti var. Bloku tamamladıqdan sonra geri qayıtmaq və cavabları dəyişmək mümkün deyil.
• Tapşırıqları sərbəst şəkildə yerinə yetirməyiniz vacib şərtdir. Üçüncü şəxslərin köməyindən istifadə etmək və ya internetdə düzgün cavabların axtarılması cəhdi aşkarlanarsa, imtahan nəticələriniz ləğv olunacaq.
Bu imtahanda 60 və daha çox bal toplayan iştirakçılar növbəti mərhələyə keçid hüququ əldə edirlər.
Sınaq imtahanında iştirak könüllüdür. Sınaq imtahanı Sizin imtahana hazırlıq dərəcənizin yoxlanılması məqsədilə həyata keçirilir. Eyni zamanda, sınaq imtahanında iştirak edərək Siz öz kompüterinizin texniki tələblərə uyğun olub-olmadığını yoxlaya və analoji tapşırıq nümunələri ilə tanış ola bilərsiniz.
Ümumi biliklər imtahanını uğurla keçmiş iştirakçılar Analitik təhlil imtahanında iştirak etmək hüququ qazanırlar. Analitik təhlil imtahanından əvvəl bütün iştirakçılara onlayn sınaq imtahanında iştirak etmələri tövsiyə olunur. Sınaq imtahanı iştirakçılara analoji tapşırıq nümunələri ilə tanışlığa, testin texniki icrasının səviyyəsini yoxlamağa, mümkün çətinlik və problemləri öncədən müəyyənləşdirib onları aradan qaldırmağa kömək edir. Xatırladırıq ki, sınaq imtahanının nəticələri namizədlərin müsabiqədə iştirakına heç bir şəkildə təsir etmir.
Analitik təhlil üzrə əsas imtahan əyani formatda keçirilir. İştirakçılar onlara təyin olunmuş vaxtda təyin edilmiş imtahan mərkəzinə gələrək imtahanda iştirak etməlidirlər. İmtahanda iştirak mütləqdir. İştirak etməyən iştirakçılar növbəti mərhələyə buraxılmır.
Analitik təhlil imtahanı 3 blok üzrə aparılır:
• Verbal təhlil (25 sual — 5 mətn üzrə);
• Rəqəmsal təhlil (25 sual);
• Abstrakt təhlil (25 sual).
Bütün bloklar verilmiş ardıcıllıq üzrə cavablandırılmalıdır. Bloku tamamladıqdan sonra geri qayıtmaq və cavabları dəyişmək mümkün deyil.
Verbal təhlil blokunda hər doğru cavaba görə 4 xam bal verilir.
Abstrakt təhlil və rəqəmsal təhlil bloklarının hər birində 5 asan (hər doğru cavaba görə 2 xam bal), 15 orta (hər doğru cavaba görə 4 xam bal) və 5 çətin (hər doğru cavaba görə 6 xam bal) sual təqdim olunur. Analitik təhlil imtahanının (əsas imtahan) nəticələri doğru cavabların sayı ilə deyil, xam ballar əsasında formalaşacaq T-bal şkalası ilə hesablanır.
• Analitik təhlil imtahanı əyani formatda keçirilir.
• İmtahandan öncə şəxsi kabinetdə imtahan tarixi və məkanı ilə bağlı seçim imkanı verilir. İştirakçıların seçimi əsasında şəxsi kabinetə buraxılış vərəqəsi yerləşdirilir.
• Seçdiyiniz imtahan tarixində müvafiq imtahan mərkəzinə gələrkən şəxsiyyətinizi təsdiq edən sənəd və buraxılış vərəqəsini təqdim etməlisiniz.
• Bütün bloklar üzrə zaman məhdudiyyəti var. Bloku tamamladıqdan sonra geri qayıtmaq və cavabları dəyişmək mümkün deyil. Bütün bloklar verilmiş ardıcıllıq üzrə cavablandırılmalıdır.
• Sualları cavablandırarkən ehtiyacınız olacaq qələm, kağız və hesablayıcı “Yüksəliş” müsabiqəsi tərəfindən təqdim edilir. Proktorinq üsulu ilə imtahan verən iştirakçılar isə müvafiq ləvazimatları özləri təmin etməlidirlər.
Analitik təhlil imtahanında sualları cavablandırarkən qələm, kağız və hesablayıcıya ehtiyacınız yarana bilər. Əyani imtahanda bütün zəruri ləvazimatlar “Yüksəliş” müsabiqəsi tərəfindən təqdim edilir. Proktorinq üsulu ilə imtahan verən iştirakçılar isə müvafiq ləvazimatları özləri təmin etməlidirlər.
Keçid balı müsabiqə nəticəsində formalaşır. Analitik təhlil imtahanının (əsas imtahan) nəticələri doğru cavabların sayı ilə deyil, xam ballar əsasında formalaşacaq T-bal şkalası ilə hesablanır.
Analitik təhlil və İdarəetmə bacarıqları imtahanlarında nəticələr T-bal şkalası əsasında hesablanır. T-bal şkalası iştirakçının nəticəsini digər iştirakçılarla müqayisədə qiymətləndirən statistik hesablama üsuludur. T-bal şkalasında minimum bal 200, maksimum bal 800 baldır. T-bal hesablanarkən yalnız hər bir iştirakçının xam balı deyil, eyni zamanda bütün iştirakçıların nəticələrinə əsasən hesablanmış ədədi orta və nəticələrin bu ortalamadan nə qədər fərqləndiyini göstərən standart yayınma nəzərə alınır. Beləliklə, fərdi bal təkcə iştirakçının verdiyi düzgün cavabların sayına görə deyil, həm də nəticələrin paylanmasına əsasən müəyyən edilir. Bu hesablama iştirakçıların real performansının daha dəqiq və obyektiv qiymətləndirilməsini təmin edir.
Proktorinq imtahanı iştirakçının imtahan zamanı kamera, mikrofon və xüsusi proqram vasitəsilə proktor tərəfindən nəzarət olunaraq uzaqdan imtahan verməsi üsuludur. “Yüksəliş” müsabiqəsi Analitik təhlil və İdarəetmə bacarıqları imtahanlarının keçirilməsi nəzərdə tutulan tarixlərdə ölkə xaricində olan iştirakçıların imtahanı proktorinq üsulu ilə verməsinə şərait yaradır. Yalnız ölkə xaricində olan iştirakçılar imtahanı proktorinq üsulu ilə verə bilərlər. Bütün proktorinq müraciətlərinin doğruluğu müvafiq dövlət qurumlarına sorğu göndərilərək yoxlanılır. Hər hansı müraciətin doğru olmadığı aşkarlanarsa, “Yüksəliş” İşçi Qrupu tərəfindən həmin iştirakçının imtahan nəticələri ləğv edilir və iştirakçı müsabiqədən kənarlaşdırılır.
Xatırladırıq ki, proktorinq üsulu ilə imtahan verən iştirakçılar müvafiq ləvazimatları (kağız, qələm, hesablayıcı) özləri təmin etməlidirlər.
İdarəetmə bacarıqları üzrə sınaq imtahanının keçirilməsi nəzərdə tutulmur.
İstiqamətin yeni olması və sual bankının formalaşdırılması ilə əlaqədar olaraq İdarəetmə bacarıqları imtahanının suallarının paylaşılması nəzərdə tutulmamışdır.
Keçid balı müsabiqə nəticəsində formalaşır. İdarəetmə bacarıqları imtahanının nəticələri doğru cavabların sayı ilə deyil, xam ballar əsasında formalaşacaq T-bal şkalası ilə hesablanır.
İdarəetmə bacarıqları imtahanını uğurla keçmiş iştirakçılar yarımfinal mərhələsində iştirak etmək hüququ qazanır. Yarımfinal mərhələsi 3 gün ərzində Bakı şəhərində keçirilir. Yarımfinal zamanı iştirakçılar 4 fərqli komandada yarışırlar. Şəffaflığı təmin etmək üçün komanda bölgüsü təsadüfi qaydada aparılır və iştirakçılar hər rotasiyada 6-8 nəfərlik komandalarda keyslər üzrə mübarizə aparırlar. İştirakçılar göstərdikləri davranışlara əsasən, 2 nəfər qiymətləndirici ekspert tərəfindən qiymətləndirilirlər. Beləliklə, yarımfinalda hər iştirakçı, ümumilikdə, 8 fərqli qiymətləndirici ekspert tərəfindən qiymətləndirilir.
“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində qiymətləndirmə 9 kompetensiya əsasında aparılır.
Qiymətləndirici ekspertlər ölkənin aparıcı şirkətlərinin insan resursları üzrə mütəxəssisləri və peşəkar psixoloqlarıdır. Yarımfinal mərhələsindən öncə qiymətləndirici ekspertlər qiymətləndirmə ilə bağlı intensiv təlimlərdən keçir və müsabiqədə iştirak etməyə vəsiqə qazanırlar.
Yarımfinaldan 3-5 iş günü sonra iştirakçılar şəxsi kabinetlərində öz nəticələri ilə bağlı hesabat alırlar. Ən yüksək bal toplayan təxminən 100 nəfər iştirakçı final mərhələsinə keçir. Nəticələr elan olunduqdan sonra iştirakçılar 24 saat ərzində şəxsi kabinet vasitəsilə apellyasiyaya müraciət edə bilərlər.
Yarımfinal mərhələsini uğurla keçmiş iştirakçılar final mərhələsində iştirak etmək hüququ qazanırlar. Final mərhələsi 3 gün ərzində Bakı şəhərində keçirilir. Final zamanı iştirakçılar 4 fərqli komandada yarışırlar. Şəffaflığı təmin etmək üçün komanda bölgüsü təsadüfi qaydada aparılır və iştirakçılar hər rotasiyada 6 nəfərlik komandalarda keyslər üzrə mübarizə aparır və göstərdikləri davranışlara əsasən, 2 nəfər qiymətləndirici ekspert tərəfindən qiymətləndirilirlər. Beləliklə, finalda hər iştirakçı, ümumilikdə, 8 fərqli qiymətləndirici ekspert tərəfindən qiymətləndirilir.
“Yüksəliş" müsabiqəsinin final mərhələsində qiymətləndirmə “İdarəçi rollar modeli” əsasında aparılır.
Qiymətləndirici ekspertlər ölkənin aparıcı şirkətlərinin insan resursları üzrə mütəxəssisləri və peşəkar psixoloqlarıdır. Final mərhələsindən öncə qiymətləndirici ekspertlər qiymətləndirmə ilə bağlı intensiv təlimlərdən keçir və müsabiqədə iştirak etməyə vəsiqə qazanırlar.
Finaldan 3-5 iş günü sonra iştirakçılar şəxsi kabinetlərində öz nəticələri ilə bağlı hesabat alırlar. Ən yüksək bal toplayan 20 iştirakçı qalib elan olunur. Nəticələr elan olunduqdan sonra iştirakçılar 24 saat ərzində şəxsi kabinet vasitəsilə apellyasiyaya müraciət edə bilərlər.
• Yarımfinal və final mərhələləri əyani formatda keçirilir.
• Yarımfinal və finaldan öncə şəxsi kabinetdə buraxılış vərəqəsi və proqram yerləşdirilir.
• Yarımfinal və finala gələrkən şəxsiyyətinizi təsdiq edən sənəd və buraxılış vərəqəsini təqdim etməlisiniz.
• Keys zamanı ehtiyacınız olacaq bütün vəsaitlər “Yüksəliş” müsabiqəsi tərəfindən təqdim edilir.
• Keyslərə ayrılacaq vaxt barədə hər keys öncəsi ekspertlər tərəfindən təqdim olunmuş materiallarda məlumat əks olunur. Təlimatlar və tapşırıqlar, eyni zamanda, keysin icrası barədə məlumat aparıcı tərəfindən səsləndirilir.
• Keyslərin icrası zamanı zalı tərk etmək olmaz.
• Final mərhələsindən öncə iştirakçılar esse yazmalıdırlar. Şəxsi kabinetlərində yerləşdirilmiş linkə keçid edərək göndərilən “Word” faylı yüklədikdən sonra qeyd olunan suallara cavab verərək həmin faylı linkə əlavə edib təsdiqləyirlər.
• Final zamanı dövlət qurumları və iri özəl şirkətlərin rəhbərlərinin iştirakı ilə “Mentor keysi” keçirilir.
• Xüsusi dres-kod tələbi yoxdur. Yarımfinal və final zamanı fotoçəkiliş və videoçəkilişlərin aparıldığını nəzərə alaraq səliqəli və rəsmi geyim tərzi tövsiyə olunur.
Final mərhələsindən öncə iştirakçılara esse yazmaq məqsədilə link göndərilir. İştirakçılar göndərilmiş linkə keçid edərək 4 bölmədə 13 sualı cavablandırırlar. Bütün sualları cavablandırdıqdan sonra müvafiq faylı linkə əlavə edib təsdiqləyirlər. İştirakçı qalib olduğu halda onun təqdim etdiyi esse mentor bölgüsü zamanı nəzərə alınır və qalibin təyin olunduğu mentora təqdim olunur.
Final mərhələsinin özəlliklərindən biri də “Mentor keysi”dir. Mentor keysində iştirakçılar komanda şəklində dövlət qurumları və iri özəl şirkətlərin rəhbərləri ilə birlikdə onlara verilmiş tapşırıqları müzakirə edir və icra edirlər.Masada əyləşmiş mentor tapşırıq zamanı iştirakçıları müşahidə edir, sonda həmin komandadan bir nəfəri seçərək iştirakçını mentor balı ilə qiymətləndirir.
Yarımfinal və final mərhələləri “Qiymətləndirmə konfransı” formatında keçirilir, yəni iştirakçılar tapşırıqlar üzrə “Yüksəliş” müsabiqəsi tərəfindən seçilmiş və təlimləri uğurla bitirmiş ekspertlər tərəfindən müşahidə olunur və qiymətləndirilir.
“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində qiymətləndirmə kompetensiya modeli, final mərhələsində isə “İdarəçi rollar modeli” əsasında aparılır.
Şəffaflıq və obyektivlik “Yüksəliş” müsabiqəsinin əsas dəyərlərindəndir. Seçim prosesi bu dəyərlərəəsaslanaraq həyata keçirilir.
Hər mövsüm yarımfinal və final mərhələləri “Qiymətləndirmə konfransı” formatında keçirilir. Yarımfinal və final mərhələləri üçün fərqli keyslər hazırlanır və onların məxfiliyi tam qorunur. İştirakçılar 6-8 nəfərlik komandalara bölünür və hər komanda 2 nəfər qiymətləndirici ekspert tərəfindən qiymətləndirilirlər. Həm yarımfinal, həm də final müddətində hər iştirakçı 4 fərqli komandada yarışır, ümumilikdə, 8 fərqli qiymətləndirici ekspert tərəfindən qiymətləndirilir.
İştirakçıların təyin olunduqları komandada digər iştirakçılar və ya qiymətləndirici ekspertlərlə maraqların toqquşması halında iştirakçıların yerdəyişməsi baş verir.
İştirakçıların təyin olunduqları komandada digər iştirakçılar və ya qiymətləndirici ekspertlərlə maraqların toqquşması halında iştirakçıların yerdəyişməsi baş verir. Bu qayda qiymətləndirici ekspertlər üçün də keçərlidir. Belə ki, qiymətləndirici ekspertlər yarımfinal və final öncəsi onlara təqdim olunmuş siyahıda maraqların toqquşması halı baş verə biləcək iştirakçıları qeyd edir və həmin iştirakçı (iştirakçılar) o qiymətləndirici ekspert tərəfindən qiymətləndirilmir.
Final mərhələsi zamanı iştirakçılar qiymətləndirici ekspertlər tərəfindən “idarəçi rollar modeli”nə əsasən qiymətləndirilir. Ballar hesablandıqdan sonra ən yüksək bal toplayan 20 iştirakçı final bitdikdən 3-5 iş günü ərzində qalib elan olunur. Bu barədə məlumat iştirakçıların şəxsi kabinetlərində, “yukselish.az” veb-saytında, eləcə də, müsabiqənin mövcud sosial media hesablarında yerləşdirilir.
Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, Təşkilat Komitəsi eyni balı toplayan iştirakçıların hər birinin səriştə və nailiyyətlərinin ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verir.
"Yüksəliş" müsabiqəsində qalib olduğunuz halda:
• Fərdi inkişaf üçün 20 min manat dəyərində pul mükafatı əldə edəcəksiniz;
• Mentorluq Proqramı və təlimlərdə iştirak etmək hüququ qazanacaqsınız;
• Azərbaycanın ən tanınmış idarəçi rəhbərləri ilə tanışlıq yaradacaq və sosial lift imkanı əldə edəcəksiniz;
• İdarəetmə bacarıqlarınız haqqında hərtərəfli fikir sahibi olacaqsınız;
• Kadr Bankına daxil ediləcəksiniz.
Bu barədə iştirakçılar “yukselish.az” veb-saytının “Əlaqə” bölməsində qeyd olunan vasitələrdən biri ilə əlaqə saxlaya bilərlər. Müraciət zamanı ad, soyad, ata adı, hazırkı iş yeri, elektron poçt ünvanını qeyd etməlidirlər.
Hər iki mərhələdə hər gün iştirak mütləqdir. İştirakçı gecikdiyi və ya mərhələni yarımçıq tərk etdiyi halda onun müsabiqədəki iştirakı dayandırılır.
Yarımfinal və final mərhələlərindən öncə iştirakçılar arasında sorğu keçirilir. Sorğunun nəticələrinə əsasən, onların rahat şəkildə mərhələlərdə iştirakı üçün yerləşdirmə və tədbir məkanına gediş-gəlişi müsabiqə tərəfindən təşkil olunur. Yoladüşmə saatları və toplanma məntəqəsi barədə iştirakçılara əvvəlcədən məlumat verilir.
Bəli, mümkündür.
“Yüksəliş” müsabiqəsinin qiymətləndirici eksperti müsabiqə tərəfindən təqdim olunan imtahan və test mərhələlərini uğurla keçmiş, yarımfinal və final mərhələləri çərçivəsində keçirilən təlimləri müvəffəqiyyətlə tamamlamış, xüsusi metodika əsasında iştirakçıların obyektiv və qərəzsiz qiymətləndirilməsini həyata keçirən mütəxəssisdir.
“Yüksəliş” müsabiqəsinin qiymətləndirici ekspertinin funksiyalarına aşağıdakılar daxildir:
• Təqdim olunan metod və qiymətləndirmə formalarına uyğun olaraq iştirakçıları müşahidə edərək qiymətləndirmək;
• Təşkilatçıların təlimatlarını dəqiq icra etmək;
• Müsabiqəyə aid olan bütün məlumatları məxfi saxlamaq;
• Peşəkar və etik davranış nümayiş etdirmək.
İlk addım olaraq “yukselish.az” veb-saytına daxil olub həmin il üçün müəyyən olunmuş qeydiyyat müddəti ərzində qiymətləndirici ekspert olmaq istəyən namizədlər “Qeydiyyat” düyməsini klikləyərək şəxsiyyət vəsiqəsinin məlumatlarını (FİN kod, seriya və nömrə), aktiv mobil nömrə və e-poçt ünvanını daxil etməklə şəxsi kabinet yaratmalıdırlar. Şəxsi kabinetiniz mövcud olduğu halda “Şəxsi kabinet” bölməsinə daxil olaraq məlumatlarınızı yeniləməli və müsabiqə qaydalarını qəbul edərək həmin ildə keçirilən müsabiqədə ekspert kimi iştirakınızı təsdiq etməlisiniz. Qeydiyyatın başlanılması ilə bağlı elan əsasən, “Yüksəliş” müsabiqəsinin “LinkedIn” və “Facebook” səhifələrində paylaşılır.
• 5 ildən az olmayaraq insan resursları, psixologiya, kouçinq, idarəetmə, təhsil (müəllimlər və s.) sahələri üzrə iş təcrübəsi;
• Yumşaq bacarıqlar (əsasən diqqətlə müşahidə etmək qabiliyyəti, informasiyanın təhlili və qərarların verilməsi);
• Fərdi xüsusiyyətlər (öyrənməyə həvəsli, qaydalara əməl edən).
İnsan resursları və psixologiya sahəsində təcrübəyə üstünlük verilir. Lakin qiymətləndirməyə dair baza bilik və təcrübələri olan digər peşələrin təmsilçiləri və qiymətləndirmə sahəsinə marağı olan mütəxəssislər də müraciət edə bilərlər.
• Namizədlər qiymətləndirici ekspert olmaq üçün “yukselish.az” veb-saytında qeydiyyatdan keçirlər;
• Müsabiqə tərəfindən təşkil olunan imtahanlarda iştirak edirlər;
• İmtahan və müsahibə mərhələlərini uğurla tamamlayan təxminən 100 nəfər namizəd yarımfinal və final mərhələlərindən öncə keçirilən təlimlərə cəlb olunur;
• Təlimləri uğurla başa vuran şəxslərlə əməkdaşlıq məqsədilə VÖEN əsasında xidmət müqaviləsi bağlanılır və müvafiq ödənişlər həyata keçirilir.
• Yarımfinal və finalın sonunda qiymətləndirici ekspertlərə müsabiqə tərəfindən sertifikatlar təqdim olunur.
Bəli, qiymətləndirici ekspertlər üçün qeydiyyat yenidən elan olunduqda qiymətləndirici ekspertlər təkrar qeydiyyatdan keçə bilərlər. Ötən illərdə qiymətləndirici ekspert qismində iştirak etmiş şəxslər “Şəxsi kabinet” bölməsinə daxil olaraq məlumatları yeniləməli və müsabiqə qaydalarını qəbul edərək həmin ildə keçirilən müsabiqədə ekspert qismində iştirakı təsdiq etməlidirlər.
Xeyr, “Yüksəliş” müsabiqəsinin qaydalarına əsasən, qiymətləndirici ekspert kimi fəaliyyət göstərmiş şəxslər heç bir halda iştirakçı olaraq müsabiqəyə cəlb oluna bilməzlər.
Xeyr. “Yüksəliş” müsabiqəsinin qaydalarına əsasən, müsabiqədə iştirak etmiş şəxslər qiymətləndirici ekspert kimi fəaliyyət göstərə bilməzlər.
Sual və təkliflərinizi təqdim etmək üçün “yukselish.az” veb-aytının “Əlaqə” bölməsində qeyd olunan vasitələr ilə müraciət edə bilərsiniz.
Yarımfinal və final mərhələlərində qiymətləndirmə prosesində iştirak edəcək qiymətləndirici ekspertlərin peşəkar hazırlığını təmin etmək məqsədilə onlara 3 günlük təlimlər təşkil olunur. Təlimlər yarımfinal və final mərhələlərinin formatına uyğun şəkildə keçirilir. Bununla yanaşı, təlim iştirakçılarına qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti, tətbiq prinsipləri və qiymətləndirici ekspertlərin rolu barədə ətraflı məlumat təqdim olunur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamını icra etmək məqsədilə “Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan Kadr Bankı karyerasını növbəti mərhələyə daşımaq istəyən peşəkarlar üçün yaradılmış unikal platformadır. Bank geniş bilik bazasına, idarəetmə qabiliyyətinə və təcrübəyə malik şəxsləri bir araya gətirərək onların potensialını ölkənin idarəetmə sistemində dəyərləndirməyə imkan yaradır.
Kadr Bankına “Yüksəliş” müsabiqəsinin İdarəetmə bacarıqları imtahanının iştirakçıları, həmçinin müsabiqənin yarımfinalçıları, finalçıları və qalibləri daxil edilir. Hal-hazırda Kadr Bankında 3109 nəfərin profilləri yer alır.
Kadr Bankı iştirakçılara peşəkar inkişaf, karyera artımı və yeni fürsətlərə çıxış imkanı qazandırır. Platforma dövlət idarəçiliyi və özəl sektor arasında effektiv əməkdaşlıq üçün körpü rolunu oynayır, eyni zamanda, iştirakçıların bilik və bacarıqlarının müvafiq rəhbər vəzifələrdə dəyərləndirilməsinə şərait yaradır.
Tələbə Mentorluq Proqramı “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu və qalibləri tərəfindən həyata keçirilən təşəbbüsdür. Proqramın məqsədi qaliblərin bilik və bacarıqlarını növbəti nəsillə paylaşmaq, onların peşəkar inkişafına dəstək olmaq və uğur hekayələri vasitəsilə motivasiya yaratmaqdır.
Tələbələr Tələbə Mentorluq Proqramının elan olunduğu vaxtda onlayn qaydada link vasitəsilə qeydiyyatdan keçmək üçün təhsil aldıqları müəssisənin karyera mərkəzi və ya tələbələrlə iş şöbəsi ilə əlaqə saxlaya bilərlər.
Tələbə Mentorluq Proqramına aşağıdakı tələblərə uyğun şəxslər qoşula bilər:
• Yalnız Azərbaycan Respublikasının vətəndaşları;
• Birinci təhsil üzrə bakalavriatın 3-cü və ya 4-cü kursunda təhsil alan tələbələr;
• Proqramda ilk dəfə iştirak edənlər.
Müsabiqənin qalibləri proqram çərçivəsində seçilmiş tələbələrlə görüşlər keçirir, onlara bilik və təcrübələrini ötürürlər. Tələbələr “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən müxtəlif təlimlərə qoşulmaq imkanı əldə edirlər. Mentorlar(qaliblər) tələbələri fərqli tədbirlərə aparır, bir çoxları isə tələbələrin təcrübə proqramına qoşulmasına və hətta işlə təmin olunmasına dəstək göstərirlər. Hər bir mentora(qalibə) adətən 2–3 tələbə təyin olunur.
Tələbə Mentorluq Proqramını uğurla başa vuran iştirakçılara “Yüksəliş” müsabiqəsi tərəfindən sertifikatlar təqdim olunur. Bundan əlavə, qaliblər(mentorlar) öz mentiləri arasından proqram müddətində aktiv iştirak edən və görüşlərdə fəallığı ilə seçilən tələbələrə tövsiyə məktubu təqdim edirlər.
“Yüksəliş” müsabiqəsində könüllü fəaliyyətinə Azərbaycan Respublikasının vətəndaşı olan, 18–25 yaş aralığında, məsuliyyətli, ünsiyyət bacarıqları və komanda işi güclü olan şəxslər müraciət edə bilərlər.
Xeyr, könüllülük fəaliyyəti ödənişsizdir. Könüllülər müsabiqə çərçivəsində peşəkar təcrübə qazanır, yeni əlaqələr qurur və yalnız aktiv iştirak edən könüllülər fəaliyyətlərinin sonunda sertifikatla təltif olunurlar.
Könüllülər müsabiqə çərçivəsində peşəkar təcrübə qazanır, yeni əlaqələr qurur və yalnız aktiv iştirak edən könüllülər fəaliyyətlərinin sonunda sertifikatla təltif olunurlar.
Könüllülər müsabiqənin onlayn mərhələsindən başqa bütün əyani mərhələlərində, eləcə də müsabiqə tərəfindən keçirilən tədbirlər zamanı təşkilati və informasiya dəstəyi göstərirlər.
Könüllülük fəaliyyətinə qoşulmaq üçün müraciətlər “Yüksəliş” müsabiqəsinin rəsmi veb-saytında fevral–mart aylarında qəbul edilir. Müraciətlər müsabiqənin ehtiyaclarına uyğun olaraq qiymətləndirilir və seçim prosesi təşkilati heyət tərəfindən həyata keçirilir.
Qeydiyyat tarixi və müraciət formasına dair məlumatlar “yukselish.az” rəsmi veb-saytında və “Yüksəliş” müsabiqəsinin sosial şəbəkə hesablarında paylaşılır.
Bəli. Əvvəlki illərdə könüllü kimi iştirak etmiş şəxslər növbəti illərdə yenidən müraciət edə bilərlər.
Könüllülər müsabiqə tərəfindən paylaşılan qeydiyyat linki vasitəsilə müraciət etdikdən sonra seçim prosesi çərçivəsində müsahibəyə dəvət olunurlar. Müsahibə mərhələsini uğurla keçən namizədlərlə növbəti mərhələlərdə iştirak üçün əlaqə saxlanılır.