1820

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “Yüksəliş” müsabiqəsinin qalibləri görüşüb

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Abbas İbrahimov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İsmayıl Hüseynov və Anar Qasımovla görüş keçirib.

Görüş zamanı Abbas İbrahimov Mentorluq Proqramının məqsədləri, iştirakçıların peşəkar inkişafına verəcəyi töhfələr və qarşıdakı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, proqram çərçivəsində nəzərdə tutulan birgə fəaliyyət planını mentilərin diqqətinə çatdıraraq onların potensialını inkişaf etdirmək üçün atılacaq addımları izah edib.  

Sonda müsabiqə qalibləri mentorlarına öz suallarını ünvanlayıb və faydalı tövsiyələr əldə ediblər. 

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.