Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib

14.03.2023

Mərkəzi Bankın sədri Taleh Kazımov gəncləri və peşəkar kadrları “Yüksəliş” müsabiqəsində iştirak etməyə səsləyib: “Bildirib ki, XXI əsr sürətli inkişaf və mürəkkəb çağırışlar dövrüdür. Sözsüz ki, daim dəyişən müasir dövrün tələbləri iş mühitinin təbiətinə də təsir göstərir. Ona görə maliyyə sektorunun sabitliyi və dayanıqlı inkişafının təmin edilməsində dərin bilik və bacarıqlara sahib, müasir çağırışlara adekvat cavab verən və proseslərin inkişaf tempi ilə ayaqlaşan liderlərə ehtiyac duyulmaqdadır. Bu baxımdan “Yüksəliş” müsabiqəsi ölkəmizdə həyata keçirilən yeni nəsil institusional islahatlarda mühüm rol oynayır. Müsabiqənin hər mərhələsi inkişaf üçün faydalıdır. Yarımfinalçılar idarəçi rəhbərlərlə görüşmək və fikir mübadiləsi aparmaq, finalçılar şəxsi inkişaf planları əldə etmək, qaliblər isə ölkənin idarəçi rəhbərləri ilə mentorluq proqramı çərçivəsində peşəkarlarla işləmək imkanı əldə edirlər. Müsabiqənin meyarlarına cavab verən və özünə inanan hər kəsi müsabiqədə iştirak etməyə və bu unikal imkanlardan istifadə etməyə səsləyirəm”.

Qeyd edək ki, Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərlərindən biridir.

17 fevral tarixindən etibarən üçüncü "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat 31 mart tarixinə kimi davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.

Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitiləsilə həyata keçirilir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı      və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.