1820

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Emil Məmmədli ilə növbəti dəfə görüş keçirib.

Görüşdə Emil Məmmədlinin 1 illik fərdi inkişaf planı nəzərdən keçirilib, proqram çərçivəsində ötən görüşdə müsabiqə qalibi üçün planlaşdırılmış işlərin icra vəziyyəti müzakirə olunub, o cümlədən gələcəkdə atılacaq addımlar nəzərdən keçirilib. Müzakirə zamanı Azərbaycan Respublikası Prezidentinin kadr islahatı siyasətini rəhbər tutaraq gənclərin dövlət idarəçiliyində önə çəkilməsi istiqamətində görülən işlərdən danışılıb. “Yüksəliş” müsabiqəsinin bu istiqamətdəki rolu və əhəmiyyəti diqqətə çatdırılıb. Emil Məmmədlinin uğurlu fəaliyyətini yaxından izləyən mentoru Emin Hüseynov gələcəkdə daha yaxın əlaqələr qurmaq üçün şəbəkələşmənin genişləndirilməsi istiqamətində ortaq layihələrin həyata keçirilməsi üçün mövcud əməkdaşlıq imkanlarını dəyərləndirib. Görüşün sonunda Emin Hüseynov fərdi inkişaf planının icrası çərçivəsində ötən dövr ərzində görülən işlərin nəticələrini müsbət qiymətləndirib.

Proqram müddətində mentorun karyera planlaması və effektiv idarəçilik metodlarına dair məsləhətlərindən ciddi faydalandığını qeyd edən Emil Məmmədli ümumilikdə əldə edəcəyi təcrübə və biliklərin onun şəxsi inkişafı, gələcək fəaliyyəti üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.