Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Avstriyada yaşayan müsabiqə qalibi Emil Məmmədli ilə onlayn, Əli Əhmədovla isə üz-üzə görüş keçirib.
Görüşdə Emil Məmmədli və Əli Əhmədovu ikinci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə təbrik edən Emin Hüseynov onların praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün zəruri dəstək göstəriləcəyini bildirib. Layihənin idarəçi rəhbərlərindən biri olaraq Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibləri ilə sıx əməkdaşlıq edəcəyini, onlarla təcrübəsini bölüşəcəyini və beləliklə, potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini qeyd edib.
Emin Hüseynov vurğulayıb ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün lazımi şərait yaradılacaq.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində Prezidentin xüsusi nümayəndəsinə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandı
10.12.2025
Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
06.12.2025
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
26.11.2025



