Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Sübhan Əsgərzadə və Tural Abdullazadə ilə ilk görüşünü keçirib.
Qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edən və onların gələcək fəaliyyətinə yön vermək, o cümlədən inkişafına dəstək olmaqda maraqlı olduğunu bildirən Emin Hüseynov fərdi inkişaf planı əsasında mentorluq etməkdən məmnunluq hissi duyduğunu qeyd edib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qaliblərinin hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb və bundan sonra onlarla peşəkar əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini, qaliblərin hədəfləri və maraqlarına yönəlik layihələrə cəlb olunmasına təşəbbüs göstərəcəyini bildirib.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə Mentorluq proqramı çərçivəsində Emin Hüseynova yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın karyera və şəxsi inkişaf baxımından əvəzsiz imkan olduğunu, birillik fərdi inkişaf planının icrasında maraqlı olduqlarını vurğulayıblar.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.