Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Mentorluq proqramı çərçivəsində ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə yekun görüş keçirib
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibi Şöhrət İsa-zadə ilə görüş keçirib.
Pərviz Şahbazov Şöhrət İsa-zadə ilə qarşılıqlı faydalı əməkdaşlıqdan məmnun olduğunu dilə gətirib. Nazir layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibi ilə bundan sonra da sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini və beləliklə ona öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini diqqətə çatdırıb və gələcək karyera inkişafında uğurlar arzu edib.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Şöhrət İsa-zadə isə öz növbəsində Mentorluq proqramı çərçivəsində Pərviz Şahbazova yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın karyera və şəxsi inkişaf baxımından əvəzsiz imkan olduğunu vurğulayıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.