Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibi Elvin Əlizadə ilə görüş keçirib.
Nazir müsabiqədə uğur qazanması münasibətilə Elvin Əlizadəni təbrik edərək əvvəlki iki müsabiqənin qalibləri ilə olduğu kimi qarşılıqlı faydalı əməkdaşlıq qurulacağına inamını bildirib. Layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibi ilə bundan sonra da təcrübəsini bölüşəcəyini, nazirliyin ona öz potensialını üzə çıxarmasına köməklik göstərəcəyini diqqətə çatdırıb. Mentorluq proqramı çərçivəsində üç ildə formalaşmış təcrübəyə əsasən, mentorla ikitərəfli görüşlər, nazirliyin müxtəlif struktur bölmələri və tabeli qurumlarının fəaliyyəti ilə tanışlıq, rəsmi tədbirlərdə iştirak kimi sahələri əhatə edən fərdi inkişaf planının birgə hazırlanması və icrası razılaşdırılıb.
Elvin Əlizadə öz növbəsində Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi qəbula görə təşəkkür edib. Proqramın idarəçilik, strateji qərarların qəbulu, komanda formalaşdırılması və işinin effektiv təşkili sahələrində təcrübə qazanılması, həmçinin karyera və şəxsi inkişaf baxımından əvəzsiz fürsət olduğunu vurğulayıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.