Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

08.02.2023

Gənclər və idman naziri Fərid Qayıbov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Arzu Tairquliyeva-Nağıyeva və İlyas İsmayıllı ilə görüş keçirib.

Görüşdə Arzu Tairquliyeva-Nağıyeva və İlyas İsmayıllını ikinci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında olmaları münasibətilə təbrik edən nazir Fərid Qayıbov onların idarəetmə sahəsində təcrübələri ilə maraqlanıb. Nazir müsabiqə qaliblərinin praktiki fəaliyyətə cəlb olunmaqla təcrübələrinin artırılmasına dəstək olacağını qeyd edib. Layihənin idarəçi rəhbərlərindən biri olaraq Fərid Qayıbov birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini və potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini qeyd edib. Bildirib ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Gənclər və İdman Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində gənclər və idman nazirinə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən     birillik fərdi inkişaf planı                              və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

PR-header-photo PR-header-photo