Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi barədə açıqlama verib
1 mart tarixində “Yüksəliş” müsabiqəsinin qeydiyyat prosesinə dair mətbuat konfransı keçirilib. Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bu barədə mətbuat nümayəndələrinə açıqlama verib.
O, bildirib ki, dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi 1 mart tarixindən etibarən start götürüb. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.yukselish.az rəsmi internet səhifəsində “Şəxsi kabinet” yaratmaqla və qeydiyyat formasını doldurmaqla 31 mart tarixinədək qeydiyyatdan keçə bilərlər.
Fərhad Hacıyev ötən müsabiqələrin statistikalarına istinad edərək bildirib ki, ilk müsabiqədə qeydiyyat üçün 11760 nəfər müraciət edib, onlardan 9775 nəfəri müsabiqəyə qəbul edilib. Müsabiqənin yekunlarına əsasən 27 qalib seçilib. İkinci “Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçən 12299 nəfər iştirakçıdan 22-si adını qaliblər siyahısına yazdırıb. Üçüncü müsabiqə üçün qeydiyyatdan keçən 13474 namizəd arasından isə 22 nəfər qalib müəyyənləşib. Bu il baş tutacaq müsabiqədə 10 mindən çox vətəndaşın iştirakı gözlənilir.
İşçi qrupunun rəhbəri vurğulayıb ki, ümumi biliklərin yoxlanıldığı ilk mərhələ onlayn olsa da, digər mərhələlər əyani formada baş tutacaq. Ötən müsabiqələrdən fərqli olaraq isə bu il Final mərhələsində yeni qiymətləndirmə metodologiyası tətbiq olunacaq.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.