1820

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev üçüncü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin nəticələri barədə açıqlama verib

3-cü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlanıb. Onlayn mərhələnin ikinci turu olan qabiliyyət üzrə imtahanda iştirak edən 7024 nəfər namizəddən 1325 nəfər növbəti əyani mərhələdə iştirak etmək hüququ qazanıb. Növbəti mərhələyə uğurla keçən namizədlərin 1095-i kişi, 230-u qadındır. İştirakçılardan 404 nəfəri ikinci, 220 nəfəri isə müsabiqəyə üçüncü dəfə qatılıb. Müsabiqədə iştirak üçün mümkün yaş aralığının 21-51 olduğunu nəzərə alaraq müraciət edənlər arasında 21-30 yaşda olan 683 nəfər, 41-51 yaş aralığında isə 54 nəfər namizəd yer alır. İştirakçıların 687 nəfəri dövlət, 665 nəfəri özəl, 24 nəfəri QHT, 20 nəfəri isə beynəlxalq qurumların əməkdaşlarıdır.

Qarşıda iştirakçıları müsabiqənin əyani mərhələsi gözləyir. Əyani mərhələ qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları üzrə olmaqla 2 imtahandan ibarətdir. Əyani mərhələni uğurla keçmiş iştirakçılar yarımfinal mərhələsinə adlayacaq. Qiymətləndirmə konfransı formatında keçiriləcək yarımfinal və final mərhələlərində iştirakçıların şəxsi keyfiyyətləri və bacarıqları ekspertlər tərəfindən qiymətləndiriləcək.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.