Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Yüksəliş” müsabiqəsi ilə bağlı çağırış edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Yüksəliş" müsabiqəsi ilə bağlı çağırış edib. “Yüksəliş” müsabiqəsinin idarəçi rəhbərlərindən olan Səbinə Əliyeva öz çağırışında ölkədə peşəkar fəaliyyət göstərən qadın namizədlərimizi müsabiqədə fəal iştirak etməyə səsləyib: “İstedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi üzrə olduqca vacib bir mexanizm olan “Yüksəliş” müsabiqəsi eyni zamanda, ölkə vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun daha səmərəli təmininə xidmət edir. “Yüksəliş” müsabiqəsi Azərbaycan dövlətinin prioritet vəzifələri sırasına daxil olan insan kapitalının formalaşması və inkişafına yönəlmiş ən uğurlu layihələrdən biridir. Müsabiqədə iştirak etməklə, siz strateji düşünmək, iş icrasını təmin etmək, nəticələrə yönəlmək, sosial məsuliyyət, komandada işləmək və digər bacarıqlara yiyələnirsiniz. Hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də birincisi keyfiyyətli təhsildir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil isə, qızların sahib olduğu təhsil səviyyəsidir. Bu gün ölkəmizdə yaradılan şərait hər bir kəsin keyfiyyətli təhsil almasına, dövlət idarəçiliyində yaxından iştirak etməsinə geniş imkanlar yaratmışdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha hər kəsi, xüsusilə də gənc qızlarımızı bu müsabiqədə fəal iştirak etməyə dəvət edir, növbəti mərhələlərdə müsabiqə iştirakçılarına uğurlar arzulayıram”.
Qeyd edək ki, 17 fevral tarixindən etibarən ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat 31 mart tarixinə kimi davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitiləsilə həyata keçirilir.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.