Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev gəncləri və peşəkar kadrları “Yüksəliş” müsabiqəsində iştirak etməyə səsləyib: “Hörmətli gənclər, Azərbaycan hazırda öz inkişafının çox önəmli bir mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra ölkəmizdə köklü yenidənqurma və bərpa işlərinə başlanılmışdır. İşğaldan azad edilmiş torpaqlarımızın və həmin torpaqlarda yaşayışın bərpası, o cümlədən, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək üçün insan amili müstəsna rol daşıyır. Düşünürəm ki, istedadlı və bacarıqlı insanların ölkəmizdə idarəetməyə cəlb edilməsi ölkəmizin qarşısında duran vacib vəzifələrin həllində önəmli rol oynayır. Bu baxımdan ölkə rəhbərliyi tərəfindən təsdiq edilmiş “Yüksəliş” müsabiqəsi Azərbaycan gənclərinə böyük imkanlar və fürsətlər yaradır. Bildiyiniz kimi, ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə artıq start verilmişdir. Xüsusilə, Azərbaycanın təhsil sisteminə öz töhvələrini vermiş müəllimlər, gənc mütəxəssislər və tətqiqatçılarımız, öz təhsilini xaricdə başa vurmuş və ya öz təhsilini xaricdə davam etdirən gənclərimiz üçün “Yüksəliş” müsabiqəsi olduqca önəmli bir fürsətdir. Sizin hər birinizi bu dəyərli fürsətdən istifadə etməyə və “Yüksəliş” müsabiqəsində iştirak etməyə çağırıram”.
Qeyd edək ki, 17 fevral tarixindən etibarən ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat 31 mart tarixinə kimi davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitiləsilə həyata keçirilir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025