Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib

02.03.2022

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev  gəncləri “Yüksəliş” müsabiqəsində iştirak etməyə səsləyib: “Gənclərimizin innovativ, müasir tarixin düzəninə, inkişaf tendensiyaları və reallıqlarına uyğun şəkildə idarəetmə bacarıqlarının üzə çıxarılması və eyni zamanda həyata keçirilməsi məqsədilə təsis edilmiş “Yüksəliş” müsabiqəsi istedadlı gənclərimiz üçün misilsiz imkanlar yaratmışdır. Heç bir mübaliğəsiz bu müsabiqəni gələcəyimizin qurucuları olan gənclərimiz üçün yol xəritəsi adlandıra bilərik. Mən bir daha birinci müsabiqənin qaliblərinə və ikinci müsabiqəyə qatılanlara uğurlar arzulayıram və hər bir istedadlı Azərbaycan gəncini, eləcə də, ölkə gənclərinin aparıcı qüvvəsi olan Bakı Dövlət Universitetinin gənclərini, pedoqoji heyətimizi, həmçinin məzunlarımızı bu müsabiqədə aktiv iştirak etməyə səsləyirəm.” Elçin Babayev artıq ikinci dəfə elan edilən və gənclərimizin ilk müsabiqədən həvəslənərək daha böyük maraqla və inamla qatıldıqları növbəti müsabiqənin də uğurla başa çatacağına əminliyini bildirib.

Qeyd edək ki, 17 fevral tarixindən etibarən ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat 31 mart tarixinə kimi davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.

Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitiləsilə həyata keçirilir.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.