Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Fəxri Hüseynov tələbələrlə Mentorluq proqramı çərçivəsində görüş keçirib
“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramı çərçivəsində növbəti görüşü keçirilib. Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Fəxri Hüseynov mentiləri Maral Zeynalova, Elvira Səmədova və Mehman Bağırovla görüşüb. Mentor Fəxri Hüseynov tələbələrə yeni bilik və bacarıqlar öyrənmək məqsədilə kibertəhlükəsizlik və proqramlaşdırma sahələri üzrə induksiya tipli təlimlər keçib, onlara təhsil və karyeralarında təkmilləşmək üçün şəxsi inkişaf, düzgün kommunikasiya və komanda işi bacarıqları haqqında məlumat verib. Fəxri Hüseynov mentilərinə işə qəbul prosesində güclü CV yaratmaq və müsahibə zamanı peşəkar şəkildə çıxış etmək barədə tövsiyələrini verib.
Tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.
“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025