1820

Birinci "Yüksəliş" müsabiqəsinin qalibi Leyla Xəlilova mentiləri ilə görüş keçirib

Tələbələrlə mentorluq proqramı çərçivəsində təşkil olunan görüşlər davam edir!

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Leyla Xəlilova Rzazadə tələbələrlə mentorluq proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri İsmayıl Nəsirov, Cəmilə Qurbanova, Nərgiz Quluzadə ilə növbəti görüşünü keçirib.

Leyla Xəlilova mentilərin keçən dövr ərzində əldə etdikləri uğurlarını və gələcək planlarını dinləyib. Onlara gələcək fəaliyyətlərinə dəstək ola biləcəyi istiqamətlər barədə məlumat verib, karyerası ilə bağlı öz təcrübələrini bölüşüb. 

Mentilər isə qalibə təhsil aldıqları universitetdə tələbələrlə görüş keçirməyi təklif ediblər. 

“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.