1820

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Saməddin Abbasov tələbələrlə Mentorluq proqramı çərçivəsində görüş keçirib

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramı çərçivəsində növbəti görüşü keçirilib. Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Saməddin Abbasov proqrama qəbul olunan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Aynur Məhərrəmli ilə tanışlıq görüşü keçirib. Mentor Saməddin Abbasov data analitikası sahəsinin tətbiqi, bu sahədəki bacarıqların inkişafı üçün təhsil proqramları və təlimlərin verəcəyi imkanlardan, eləcə də bank təşkilatlarının effektiv və keyfiyyətli xidmətlərinin artırılması məqsədilə keçirilən layihələrdən danışıb. Şirkətlərin maliyyə siyasəti və planlaşdırılması, bank təşkilatlarının korporativ idarəetmə prinsipləri və maliyyə xidmətləri ilə bağlı mentisi ilə birgə müzakirə aparıb. O, Mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüb. Tələbə isə öz növbəsində ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib, Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkürünü bildirib.  

Tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.

“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.