bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib
bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Xanım Daşdəmirova və Sübhan Əsgərzadə ilə Mentorluq proqramının ilk görüşünü keçirib.
Bəxtiyar Aslanbəyli qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib və onların gələcək fəaliyyətlərinə yön vermək, o cümlədən inkişafına dəstək olmaq məqsədilə fərdi inkişaf planı əsasında mentorluq etməkdən məmnunluq hissi duyduğunu bildirib. Vitse-prezident layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qaliblərinin hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb və bundan sonra mentiləri ilə sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini, onların qarşıdakı hədəflərinə yönəlik layihələrə cəlb olunmasına təşəbbüs göstərəcəyini qeyd edib.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə Mentorluq proqramı çərçivəsində Bəxtiyar Aslanbəyliyə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın karyera və şəxsi inkişaf baxımından əvəzsiz imkan olduğunu, birillik fərdi inkişaf planının icrasında maraqlı olduqlarını vurğulayıblar.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025