1820

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Mentorluq proqramı üzrə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı üzrə  müsabiqə qalibi Əsəd Qurbanzadə ilə görüşüb.

Nazir qalibi təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.  Təcrübə imkanının artırılması və potensialının üzə çıxarılması məqsədilə, birillik fərdi inkişaf planı əsasında ona Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şərait yaradılaraq dəstək göstəriləcəyi qeyd olunub.

Müsabiqə qalibi Əsəd Qurbanzadə ekologiya və təbii sərvətlər nazirinə Mentorluq proqramı çərçivəsində yaradılan şəraitə və səmimi görüşə görə təşəkkür edib, təcrübə mübadiləsindən faydalanmaq istəyini bildirib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 4-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.