Gənclər və idman naziri Fərid Qayıbov birinci və ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Gənclər və idman naziri Fərid Qayıbov birinci və ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.
İlk öncə qaliblərlə tanış olan nazir Fərid Qayıbov “Yüksəliş” müsabiqəsinin qaliblərini qazandıqları nailiyyət münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir həmçinin qaliblərlə mentorluq proqramının həyata keçirilməsində maraqlı olduğunu bildirib. O nazirliyin hazırki fəaliyyəti barədə qaliblərə məlumat verib, hədəflər və statistik məlumatları qaliblərlə paylaşıb. “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbəsində ölkəmizin inkişafı naminə bu sahədə öz töhvələrini verməkdən qürur hissi duyacaqlarını ifadə ediblər. Görüşün davamında nazir Fərid Qayıbov qaliblərin ölkəmizdə idmanın inkişafı istiqamətində fikirlərini və təkliflərini dinləyib və onların suallarını cavablandırıb.
“Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev Fərid Qayıbova iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.
Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat davam edir. Qeydiyyat https://yukselish.az/ saytı vasitəsilə aparılır və 31 mart saat 18:00-dək davam edəcək.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
2023-cü ildə isə növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixli Sərəncam imzalanıb.