Gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev dünyanın “Global Management Challenge” yarışında iştirak edən “Yüksəliş” müsabiqəsinin qalibləri və finalçıları ilə görüş keçirib
Gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev dünyanın ən böyük strategiya və idarəetmə müsabiqəsi olan “Global Management Challenge” (GMC) yarışında iştirak edən “Yüksəliş” müsabiqəsinin qalibləri və finalçıları ilə görüş keçirib. Görüşdə ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Fərrux Məhərrəmli və Vüsalə Bayramova, həmçinin “Yüksəliş” müsabiqəsinin finalçıları Elnur Məmmədli, Murad Musayev və David Poladovdan ibarət “Travellers” komandası iştirak ediblər. Onlar 3-5 oktyabr tarixlərində İspaniyanın Santiaqo de Kompostela şəhərində keçirilən “Global Management Challenge” (GMC) yarışının beynəlxalq finalındakı təcrübələrindən bəhs ediblər. Görüşdə yarışmanın önəm və əhəmiyyətindən söz açılıb, finala qədər gedən mərhələlər haqqında məlumat verilib. İşçi qrupunun rəhbəri Fərhad Hacıyev öz növbəsində komanda üzvlərini təbrik edib, 40 ölkə arasından 6-ci yerdə qərarlaşmağın böyük uğur olduğunu vurğulayıb. Azərbaycanın idarəçilik bacarıqları yüksək istedadlı gənc kadrlar tərəfindən dünyada təmsil olunmasının yüksək önəm kəsb etdiyindən bəhs edən İşçi qrupunun rəhbəri qalib və finalçılara gələcək layihələrində və işlərində uğurlar arzulayıb, kadr potensialının üzə çıxarılmasına və inkişafına yönəlik yarışlarda iştiraklarına dəstəyini bildirib.
Qeyd edək ki, 15-21 sentyabr 2022-ci il tarixlərində ilk dəfə olaraq Azərbaycanda “Global Management Challenge” (GMC) yarışının onlayn formatda milli seçim turu və finalı keçirilmişdir. “Yüksəliş” müsabiqəsinin qalib və finalçılarından ibarət komanda bu mərhələni qazanaraq müsabiqədə iştirak haqqı qazanmışdır.
Biznes simulyator platformasında keçirilən GMC ilk dəfə 1979-cu ildə Portuqaliyada iri şirkətlərin rəhbərləri arasında keçirilib. 1984-cü ildə isə yarış ilk dəfə beynəlxalq formatda keçirilmişdir. Müsabiqədə 3-5 nəfərlik komandalar yarışır – şərti şirkətin fəaliyyətini idarə edir, 70-dən çox parametr üzrə müxtəlif qərarlar verir, bu qərarların əsasında simulyator idarə olunan şirkətin səhmlərinin dəyərini müəyyən edir. Səhmləri ən yüksək qiymətə olan şirkət (komanda) qalib gəlir. Yarışda müxtəlif illərdə 40-a yaxın dövlət iştirak edib. Bu il isə yarışda 3 fərqli qrupda 15 komanda iştirak edirdi.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025