1820

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Camal Nağıyev tələbələrlə Mentorluq proqramı çərçivəsində görüş keçirib

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramının növbəti görüşü keçirilib. İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Camal Nağıyev proqrama qəbul olunan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Elcan Şəfiyev və Elmira Məmmədova ilə görüşüb. Mentor Camal Nağıyev mentiləri ilə birlikdə uğurlu gələcək, mövcud peşə sahəsinin inkişaf imkanları, digital marketinq üzərində kreativ strategiyalar haqqında müzakirələr aparıb. O, tələbələrə fərdi inkişaf prosesində bacarıqlarını artırmaq məqsədilə Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan işçi tətbiqi və təcrübə proqramlarına qoşulmağı təklif edib. Camal Nağıyev mentiləri ilə Mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüb. Tələbələr isə öz növbəsində ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib, Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkürünü bildiriblər.

Tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.

“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.