İkinci "Yüksəliş" müsabiqəsinin qalibi Fərid İsayev mentisi ilə görüş keçirib
Tələbələrlə mentorluq proqramı çərçivəsində təşkil olunan görüşlər davam edir!
İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev tələbələrlə mentorluq proqramı çərçivəsində UNEC tələbələri Aytac Hümbətzadə və Məhərrəm Əliyev ilə növbəti görüşünü keçirib. Görüş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində baş tutub.
Tələbələrə xidmət əməkdaşlarının peşəkar səriştə və biliklərinin təkmilləşdirilməsi məqsədilə mərkəzdə yaradılmış texniki imkanlar, müxtəlif tədris proqramları və metodologiyalar haqqında məlumat verilib.
“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.