1820

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev tələbələrlə Mentorluq proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə növbəti görüşünü keçirib

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev tələbələrlə Mentorluq proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Aytac Hümbətzadə və Məhərrəm Əliyev ilə növbəti görüşünü keçirib. Görüşdə tələbələrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) strukturu, insan resurslarının inkişafı məqsədilə həyata keçirilən layihələr, işçi heyətinin peşəkar inkişafı üçün yaradılan proqram və texnoloji imkanlar, güclü potensiala malik gənc kadrların axtarışı və onların işə cəlb olunması sahəsində sistemli fəaliyyət barəsində məlumat verilib. Bundan əlavə, tələbələrə DVX-də son zamanlar əməkdaşların istifadəsinə verilmiş Fərdi İnkişaf Portalı və onun mobil tətbiqi barəsində təqdimat nümayiş olunub. Görüş tələbələrin fərdi inkişaf planlarında nəzərdə tutulmuş növbəti addımların müzakirəsi ilə yekunlaşıb.

“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.