1820

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev tələbələrlə Mentorluq proqramı çərçivəsində görüş keçirib

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramının növbəti görüşü keçirilib. İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev proqrama qəbul olunan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Məhərrəm Əliyev və Aytac Hümbətzadə ilə tanışlıq görüşü keçirib. Fərid İsayev tələbələrin bilik və bacarıqları sayəsində ölkə iqtisadiyyatının sürətli inkişafında, mövcud resursları daha effektiv şəkildə istifadə etməkdə köməklik göstərəcəklərini bildirib, onlara gələcək karyera inkişafında uğurlu addımlar atmaq üçün tövsiyələr verib. Mentor Fərid İsayev Mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüb. Tələbələr isə öz növbəsində ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib, Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkürünü bildiriblər.

Tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.

“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.