İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Mehriban Rəsulova tələbələrlə Mentorluq proqramı çərçivəsində görüş keçirib

26.12.2023

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramı çərçivəsində növbəti görüşü keçirilib. İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Mehriban Rəsulova proqrama qəbul olunan Bakı Dövlət Universitetinin tələbələri Səbinə İslamova və Fərqanə İbrahimova ilə tanışlıq görüşü keçirib. Mentor Mehriban Rəsulova bilik və bacarıqlarını formalaşdırmaq, öz inkişaf yollarını gücləndirmək məqsədilə onlara köməklik göstərəcəyini bildirib. Tələbələrin universitet fəaliyyətləri və ixtisas seçimləri ilə əlaqədar mentor Mehriban Rəsulova  onlara tapşırıq verib, növbəti görüşlər üçün şəxsi inkişaf planı hazırlamağı təklif edib. O, Mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüb. Tələbələr isə öz növbəsində ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib, Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkürünü bildiriblər.   

Tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.

“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.


PR-header-photo PR-header-photo PR-header-photo PR-header-photo