İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Xanbaba Sultanlı tələbələrlə Mentorluq proqramı çərçivəsində növbəti dəfə görüş keçirib

08.02.2024

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramı çərçivəsində növbəti görüşü keçirilib. İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Xanbaba Sultanlı proqrama qəbul olunan Bakı Mühəndislik Universitetinin tələbəsi Səma Əliyeva və Azərbaycan Texniki Universitetinin tələbəsi Sənan Veysəlovla tanışlıq görüşü keçirib. Mentor Xanbaba Sultanlı tələbələrə öz bacarıqlarını inkişaf etdirmək, yeni biliklər əldə etmək, karyera hədəflərini düzgün müəyyənləşdirmək barədə atılacaq ilkin addımlardan bəhs edib. Yeni layihələrin uğurlu icrası, innovativ texnologiyalardan istifadə edərək rəqabət qabiliyyətini gücləndirmək məqsədilə aparılan islahatlar barədə məlumat verib, tələbələrin bu mövzuda fikirlərini dinləyib. O, Mentorluq proqramının gələcək gedişatı ilə əlaqədar atılacaq addımları bölüşüb. 

Tələbələr isə öz növbəsində ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib, Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkürünü bildiriblər.  

Tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək. “Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir. 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

PR-header-photo PR-header-photo PR-header-photo