İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşüb. İqtisadiyyat nazirinin birinci müavini müsabiqədə uğur qazanmaları münasibətilə qalibləri təbrik edib, “Yüksəliş”in onların fərdi inkişafı və gələcək karyerasında önəmini vurğulayıb. Görüşdə qaliblərin hazırda çalışdıqları sahələr üzrə təcrübələri, maraq göstərdikləri istiqamətlər, inkişaf məqsədləri barədə fikirləri dinlənilib.
Müsabiqə qalibləri təcrübəli rəhbərlərin mentorluğu ilə peşəkarlıqlarının artırılmasına, dövlət sektorunda idarəçilik təcrübəsinə yiyələnməyə maraqlarını ifadə edib, bu sahədə Mentorluq proqramının faydalı olacağını bildiriblər. Görüşdə karyera üçün potensial yol xəritəsi, idarəetmə ilə bağlı müasir yanaşmaların tətbiqinə dair fikir mübadiləsi aparılıb, qaliblərə dövlət sektorunda idarəetməyə dair bilik və bacarıqların artırılması ilə bağlı tövsiyələr verilib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.