KOBİA-nın İdarə Heyətinin sədri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

18.01.2024

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqənin qaliblərindən olan Faiq Hüseynov ilə görüşüb.

Görüşdə “Yüksəliş” müsabiqəsinin qalibini təbrik edən Orxan Məmmədov, gələcək fəaliyyətində ona uğurlar arzulayıb, mentorluq proqramının müsabiqə qalibləri üçün faydalı olduğunu, onların mövcud potensialının inkişafına, hədəflədikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət etdiyini, proqram çərçivəsində qazandıqları təcrübənin çalışacaqları sahələrdə işin səmərəli təşkilində əhəmiyyətli olacağını vurğulayıb. KOBİA-nın İdarə Heyətinin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və potensialını üzə çıxarmasına kömək edəcəyini bildirib.

Görüşdə müsabiqə qalibi Faiq Hüseynov üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində yeni bacarıqlara yiyələnmək istədiyini, KOBİA-nın İdarə Heyəti sədrinin təcrübəsindən faydalanaraq, özünü inkişaf etdirməsi üçün yaradılan şəraitə və səmimi qəbula görə təşəkkürünü bildirib.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Növbəti, sayca 4-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.


 



 

PR-header-photo