1820

Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Görüş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunub.
Qonaqları spiker Sahibə Qafarovanın adından salamlayan parlamentin Aparat rəhbəri Fərid Hacıyev bildirib ki, cənab Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda silsilə tədbirlər keçirilir.

Aparat rəhbəri görüşdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda hazırlanan və slaydlarla müşayiət olunan təqdimat nümayiş etdirib. Təqdimatda Azərbaycanda konstitusiya quruculuğunun tarixinə nəzər salınıb, Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə milli dövlətçilik ənənələrimizin, xalqın milli identikliyinin və dövlətçilik şüurunun konstitusion təminat altına alınması istiqamətində gördüyü işlər diqqətə çatdırılıb. Həmçinin Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, dövlət müstəqilliyinin qorunub saxlanması və gələcək inkişafın konstitusion əsaslarını təşkil edən ilk milli konstitusiyamızın hazırlanması sahəsində tarixi xidmətləri tədbir iştirakçılarına ətraflı təqdim olunub. Bu proseslərin Azərbaycan dövlətçiliyinin bugünkü güclü təməlini yaratdığı xüsusi vurğulanıb.
Bildirilib ki, bu gün xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasının, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edilməsinin qürurverici təntənəsini yaşayır. 2024-cü ildə Azərbaycanın bütün ərazisində ilk dəfə olaraq prezident və parlament seçkilərinin keçirilməsi bu tarixi reallığın ən parlaq təzahürlərindən biri kimi dəyərləndirilib.

Görüşdə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev Milli Məclislə tanışlıq üçün yaradılan şəraitə görə parlamentin spikeri Sahibə Qafarovaya təşəkkür edib. O, “Yüksəliş” müsabiqəsinin məramı barədə məlumat verərək bildirib ki, müsabiqə qaliblərinə  liderlik qabiliyyətlərinin inkişafı, dövlət qurumlarında təcrübə qazanması və gələcək fəaliyyətlərində öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün geniş imkanlar yaradılır.

Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxış edərək “Yüksəliş” müsabiqəsinin ölkənin insan kapitalının gücləndirilməsində mühüm rol oynadığını qeyd ediblər. Deputatlar vurğulayıblar ki, bu təşəbbüs bilikli və yüksək potensiala malik gənclərin üzə çıxarılması, dövlət idarəçiliyində peşəkar kadr potensialının gücləndirilməsi üçün mühüm platformadır.
Fikir mübadiləsi ilə davam etdirilən tədbirdə müsabiqə qaliblərinin sualları ətraflı cavablandırılıb. Onlara Milli Məclisin funksiyaları, fəaliyyəti, strukturu, qərarvermə mexanizmləri, qanunvericilik sistemində rəqəmsallaşma və innovativ yanaşmalar barədə məlumat verilib. Eyni zamanda, müsabiqə qaliblərinə dövlətçilik ənənələrinin qorunması, Konstitusiyanın mahiyyətinin dərindən öyrənilməsi, bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində ardıcıl çalışmalarını davam etdirmələrinə dair tövsiyələr çatdırılıb.

Görüşdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov və Rüstəm Mahmudov, həmçinin  parlamentin  məsul əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri parlamentin İnzibati Binası ilə də tanış olublar.

Bina ilə tanışlıq zamanı qaliblər Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət edərək Ümummilli Liderin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Parlamentin plenar iclas zalı ilə tanışlıq zamanı onlara burada yaradılmış iş şəraiti, iclasların keçirilməsi  barədə məlumat verilib. Milli Məclisin foyesində isə qonaqlar spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr edilmiş Zəfər Guşəsi ilə tanış olublar.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.