“PAŞA Bank”ın İdarə heyətinin sədri Cavid Quliyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

20.02.2023

“PAŞA Bank”ın İdarə heyətinin sədri və ikinci “Yüksəliş” müsabiqəsinin idarəçi mentorlarından biri olan Cavid Quliyev müsabiqə qalibləri Elşən Həziyev və Xanbaba Sultanlı ilə görüşüb.

Qalibləri təbrik edən Cavid Quliyev Mentorluq proqramı çərçivəsində öz təcrübəsini və tövsiyələrini bölüşəcəyini qeyd edib. O, “Yüksəliş” müsabiqəsinin istedadlı kadrların üzə çıxarılmasında böyük rol oynadığını vurğulayıb və müsabiqə qaliblərinin ölkəmizin dayanıqlı inkişafına töhfə verəcəyinə inandığını söyləyib. Cavid Quliyev bu məsuliyyətli işdə qaliblərə bütün mümkün dəstəyi göstərməyə hazır olduğunu bildirib.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Cavid Quliyevə Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkür ediblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən  birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

PR-header-photo PR-header-photo PR-header-photo PR-header-photo