“PASHA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib
“PASHA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibi Fərahim Hacıyevlə ilk görüşünü keçirib.
Cavid Quliyev qalibi əldə etdiyi nailiyyət münasibətilə təbrik edib və ona gələcək fəaliyyətinə yön vermək, o cümlədən inkişafına dəstək olmaq məqsədilə fərdi inkişaf planı əsasında mentorluq etməkdən məmnunluq hissi duyduğunu qeyd edib. İdarə Heyətinin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibinin hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb və bundan sonra onunla sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini, qalibin hədəfləri və maraqlarına yönəlik layihələrə cəlb olunmasına təşəbbüs göstərəcəyini bildirib.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə Mentorluq proqramı çərçivəsində Cavid Quliyevə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın karyera və şəxsi inkişaf baxımından əvəzsiz imkan olduğunu, birillik fərdi inkişaf planının icrasında maraqlı olduqlarını vurğulayıblar.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğindəözünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.