1820

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Mentorluq proqramı çərçivəsində ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elkiyar Ziyadov və Etibar Hüseynovla növbəti dəfə görüş keçirib.

Layihənin idarəçi rəhbərlərindən biri olaraq Rəşad Nəbiyev müsabiqə qalibləri ilə birillik fərdi inkişaf planının nəticələrini müzakirə edib, qaliblərin peşəkar bacarıqlarının artırılması yolunda fikir mübadiləsi aparıb.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində rəqəmsal inkişaf və nəqliyyat nazirinə Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın əvəzolunmaz fürsət olduğunu bildiriblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.