Üçüncü “Yüksəliş” müsabiqəsi əyani mərhələnin imtahanlarına start verdi
İyunun 10-dan etibarən üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi start götürdü. İmtahanlar Bakı şəhərində təşkil olunmuş 7 imtahan mərkəzində keçirilir. Əyani mərhələnin imtahanında müsabiqənin əvvəlki mərhələlərini uğurla keçmiş 1325 nəfər iştirak etmək haqqı qazanıb. Əyani mərhələnin ilk imtahanı olan Qabiliyyət üzrə imtahanda 1262 namizəd iştirak edib.
Əyani mərhələ ümumilikdə Qabiliyyət üzrə yoxlama və İdarəetmə bacarıqları üzrə olmaqla 2 imtahandan ibarətdir. Qabiliyyət imtahanı verbal və rəqəmsal məlumatlarla işləmək bacarıqlarının yoxlanılması və abstrakt düşüncə üzrə olmaqla 3 test üzrə aparılır. İştirakçılar onlayn mərhələnin Qabiliyyət imtahanında göstərdikləri ümumi xam balın ən azı 70 faizini, bloklar üzrə ayrı-ayrı topladıqları xam balın isə ən azı 50 faizini təkrar etməlidir.
Əyani mərhələnin İdarəetmə bacarıqları üzrə imtahanına isə yalnız Qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən iştirakçılar buraxılacaq. Əyani mərhələnin yoxlama imtahanının nəticələri iştirakçılara həmin gün təqdim olunacaq.
İdarəetmə bacarıqları üzrə imtahanda iştirakçılara qərarların verilməsi, layihələrin və iş prosesinin idarə olunması, sosial intellekt üzrə situasiya tipli suallar, tənqidi düşüncə üzrə isə sual və tapşırıqlar təqdim olunacaq. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 30 dəqiqə vaxt ayrılacaq.
İmtahan bitəndən sonra növbəti 5-7 iş günü ərzində iştirakçılara nəticələr ilə bağlı müvafiq hesabat göndəriləcək.
Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə keçid edəcək. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə üçüncü “Yüksəliş” müsabiqəsi başa çatacaq.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025