1820

Üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin sonuncu imtahanı baş tutdu

İyunun 11-də üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları üzrə imtahanı baş tutdu. Bununla da üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi başa çatdı. İmtahanlar Bakı şəhərində təşkil olunmuş 7 imtahan mərkəzində keçirilib. Əyani mərhələnin ikinci imtahanı olan İdarəetmə bacarıqları üzrə imtahanda Qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən 1071 nəfər iştirak etmək haqqı qazanıb.

İdarəetmə bacarıqları üzrə imtahanda iştirakçılara qərarların verilməsi, layihələrin və iş prosesinin idarə olunması, sosial intellekt üzrə situasiya tipli suallar, tənqidi düşüncə üzrə isə sual və tapşırıqlar təqdim olundu. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 30 dəqiqə vaxt ayrıldı.

İmtahan bitəndən sonra növbəti 5-7 iş günü ərzində iştirakçılara nəticələr ilə bağlı müvafiq hesabat göndəriləcək.

Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub.

Əyani mərhələni uğurla başa vuran 300 nəfərədək iştirakçı müsabiqənin yarımfinal mərhələsinə keçid edəcək. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə üçüncü “Yüksəliş” müsabiqəsi başa çatacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

Qeyd edək ki, növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.