Üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimi baş tutub

15.07.2023

15 iyul tarixində “Bakı Ekspo Mərkəzi”ndə üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi baş tutub. Açılış mərasimində “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və bir sıra xüsusi qonaqlar iştirak ediblər. Gənclər və idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyevin açılış nitqi ilə start götürən tədbir Təşkilat Komitəsi üzvlərinin nitqi ilə davam edib.

İdarəçi rəhbərlər çıxışlarında “Yüksəliş” müsabiqəsinin hər il yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, günümüzdə idarəçiliyin tələblərinə uyğun olaraq rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov insan kapitalının, kadr potensialının artırılması, bacarıqlı kadrların önə çıxarılması məqsədilə həyata keçirilən “Yüksəliş” müsabiqəsinin önəmini vurğulayıb, müsabiqənin intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan gələcəyin liderlərinin dəstəklənməsi və ölkədə rəqabət qabiliyyətli insan kapitalının inkişafını təmin etmək məqsədilə atılmış mühüm addım olduğunu qeyd edib. İqtisadiyyat naziri müsabiqənin finalçılarına idarəçilik sənətinin incəliklərinə dərindən yiyələnmələrini tövsiyə edib, onlara bu sahədə uğurlar arzulayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nitqində bildirib ki, Azərbaycan hazırda iqtisadi, sosial, mədəni və idman sahələri başda olmaqla əksər sahələrdə ən dinamik dövrünü yaşayır. Belə bir dövrdə gənclərin ölkəmizin inkişafına dəstək olması üçün “Yüksəliş” müsabiqəsi əvəzsiz bir imkan yaradır.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə gənclərin inkişafına, təhsil sahəsinə, mütəxəssis hazırlığına, hər zaman dövlətçiliyin və cəmiyyət həyatının ən vacib, strateji əhəmiyyətli sahəsi kimi yanaşılmasında Heydər Əliyev məktəbinin təkanverici rolunu vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyev gənclərin yaxşı təhsil almaqla yanaşı, vətənpərvər ruhda yetişməsi üçün lazımi tədbirlər görürdü. Bu növ təşəbbüslərin ölkəmizdə davam etməsi üçün “Yüksəliş” müsabiqəsinin təşkil olunması əhəmiyyətli və zəruri addımdır.

Gənclər və idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsi finalçılarına səslənərək istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə layihənin keçirilməsində yaxından iştirak etdikləri üçün qürur hissi duyduğunu bildirib. Fərhad Hacıyev onu da əlavə edib ki, finalçılar arasında ötən illər müsabiqədə iştirak etmiş namizədlərin çoxluq təşkil etməsi sevindirici haldır. Bunun müsabiqənin iştirakçılar tərəfindən etimad qazandığının və ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyinin göstəricisi olduğunu bildirən İşçi qrupunun rəhbəri sonda hər bir finalçıya uğurlar arzulayıb, onların final mərhələsinədək gəlib çatmasının qalibiyyətə bərabər olduğunu qeyd edib.

109 nəfərin mübarizə apardığı final mərhələsi 3 gün davam edəcək və 16 iyul tarixində yekunlaşacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. 

Qeyd edək ki, növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

PR-header-photo PR-header-photo PR-header-photo PR-header-photo PR-header-photo PR-header-photo PR-header-photo PR-header-photo PR-header-photo