1820

Üçüncü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət üzrə sınaq imtahanı baş tutdu

30 aprel tarixində üçüncü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət üzrə sınaq imtahanı keçirilib. İştirakçıların onlayn formada qatıldıqları sınaq imtahanında 5556 nəfər namizəd iştirak edib. Suallar verbal məlumatlarla işləmək bacarığı, rəqəmsal məlumatlarla işləmək bacarığı və abstrakt düşüncə olmaqla 3 blok üzrə aparılıb.

Sınaq imtahanı iştirakçıların həm sistem, həm də suallarla tanışlığı məqsədilə həyata keçirilib. Qarşıda iştirakçıları onlayn mərhələnin son turu olan qabiliyyət üzrə əsas imtahanı gözləyir. İmtahan 7 may tarixində baş tutacaq. Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə qiymətləndiriləcək. T-şkalası təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (Toefl, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Qabiliyyət imtahanında ən yüksək bal toplayan iştirakçıların ilk 10%-i müsabiqənin növbəti mərhələsi olan əyani mərhələyə keçid haqqı qazanacaqlar.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.