1820

Üçüncü “Yüksəliş" müsabiqəsinin qalibləri Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovla səfərdə olublar

Üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Rəsul Həşimov, Bayram Orucov və Səkinə Vəliyeva mentorları olan gənclər və idman naziri Fərid Qayıbovla Siyəzən, Xaçmaz və Quba rayonlarında səfərdə olublar.

Səfər zamanı Rəsul Həşimov, Bayram Orucov və Səkinə Vəliyevanı üçüncü “Yüksəliş” müsabiqəsində qalib olmaları münasibətilə təbrik edən nazir Fərid Qayıbov onların idarəetmə sahəsində təcrübələri ilə maraqlanıb. Nazir müsabiqə qaliblərinin praktiki fəaliyyətə cəlb olunmaqla təcrübələrinin artırılmasına dəstək olacağını qeyd edib. Layihənin idarəçi rəhbərlərindən biri kimi Fərid Qayıbov birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini və potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini qeyd edib. Bildirib ki, qaliblərin Mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Gənclər və İdman Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbəsində Mentorluq proqramı çərçivəsində gənclər və idman nazirinə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.

Qeyd edək ki, yanvarın 15-də gənclər və idman naziri Fərid Qayıbov Siyəzən şəhərində Siyəzən və Xızı rayonunda yaşayan vətəndaşları qəbul edib. Şabran şəhərində idman klubunun fəaliyyəti ilə tanış olub.

Nazir Fərid Qayıbov Quba şəhərində “İdman paytaxtı” layihəsinin açılış mərasimində iştirak edib. Günün sonunda isə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri nazir Fərid Qayıbovun idman federasiyalarının nümayəndələri ilə ənənəvi görüşündə iştirak ediblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.