Üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verildi

17.02.2023

17 fevral tarixində üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verildi. Qeydiyyatın ilk günü 1000 nəfərdən çox şəxs qeydiyyatdan keçdi. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitiləsilə həyata keçirilir və mart ayının sonunadək davam edəcək.

Müsabiqənin qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə sahib Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə qoşula bilər. Müsabiqə Qeydiyyat, Onlayn , Əyani , Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdən ibarətdir. Qeydiyyat mərhələsində müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçə bilərlər. Birinci və ya ikinci  müsabiqədə qeydiyyatdan keçmiş şəxslər isə şəxsi kabinetlərinə daxil olaraq qeydiyyatlarını təsdiq edə bilərlər.

Qeyd edək ki, ilk müsabiqədə qeydiyyat üçün 11760 nəfər müraciət edib, onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib. Müsabiqənin yekunlarına əsasən 27 qalib seçilib. İkinci “Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçən 12299 nəfər iştirakçıdan isə 22-si adını qaliblər siyahısına yazdırıb.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

2023-cü ildə isə növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixli Sərəncam imzalanıb.