1820

“Yüksəliş” müsabiqəsi ASAN Radio ilə birlikdə "YüksəlişdəSƏN" layihəsinə start verir

“Yüksəliş” müsabiqəsi ASAN Radio ilə birlikdə "YüksəlişdəSƏN" layihəsinə start verir. 13 oktyabr tarixindən etibarən ASAN Radioda "YüksəlişdəSƏN" adlı yeni layihə yayımlanmağa başlayır. Hər həftə fərqli “Yüksəliş” qalibinin qonaq olacağı radio proqramda qaliblər ölkənin ən rəqabətli mühitində yaşadıqları həyəcanı izləyicilərlə bölüşəcək, iş həyatında qazandıqları təcrüblərlə əldə etdikləri karyera yüksəlişinin sirlərindən danışacaqlar. Verilişin məqsədi müsabiqənin fəaliyyəti barədə ictimaiyyətə ətraflı məlumat vermək, müsabiqə ilə maraqlanan şəxslərin suallarını cavablandırmaq, gənclərə karyera məsləhətləri vermək və “Yüksəliş” qaliblərini ictimaiyyətə təqdim etməkdir.

Proqramın ilk qonağı müsabiqənin ilk qaliblərindən Orxan Quliyevdir. Verilişin əsas buraxılışını hər həftənin cümə axşamı saat 19:05-də, təkrarını isə çərşənbə axşamları saat 14:05-da ASAN Radioda izləmək mümkün olacaq.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2021-ci ildə yekunlaşan ilk müsabiqənin 27 qalibi müəyyən edildi.  2022-ci ildə isə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ikinci “Yüksəliş” müsabiqəsi baş tutdu. İyul ayında başa çatan ikinci müsabiqənin 22 qalibi müəyyənləşdirilib.