“Yüksəliş” müsabiqəsi Dövlət İdarəçilik Akademiyasında magistratura səviyyəsində təhsil alan dövlət qulluqçularına təlimlərə start verdi

30.03.2023

Təlimlər müsabiqənin qalibləri, tərəfdaşı olan qurumların əməkdaşları və İşçi qrupunun üzvü tərəfindən martın 29-dan etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş tutacaq. Təlimlərin keçirilməsində başlıca məqsəd təlimçilərin ixtisaslaşdığı sahələr üzrə öz peşəkar təcrübələrini paylaşması, iştirakçıların karyera inkişafı istiqamətində suallarına aydınlıq gətirməkdir. Təlimlər birinci “Yüksəliş” müsabiqəsinin qaliblərindən Fəxri Hüseynov, Ramtiq Alızadə, Orxan Quliyev, Fərrux Əliyev, Xamis Seyranov və ikinci müsabiqənin qaliblərindən Nərgiz İsmayılova və Xanbaba Sultanlı tərəfindən keçirilir. Təlimlər aprelin 15-dək davam edəcək. Təlimlər iş prosesinin təşkili, liderlik və idarəetmə olmaqla 3 mövzu bloku üzrə təşkil olunub. Ümumilikdə hər biri 2 saat olmaqla 14 təlimin həyata keçirilməsi nəzərdə tutulub. Təlimlər “Şəxsi məlumatların qorunması və IT təhlükəsizliyi”, “Təqdimat bacarıqları”, “Danışıqların aparılması”, “Emosional zəka”, “Rəy vermək və qəbul etmək sənəti”, “İnnovasiyaların tətbiqi və onların idarə edilməsi”, “Beynəlxalq və regional proseslərin təhlili” kimi bir sıra mövzuları əhatə edir.

Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyatı davam edir. Qeydiyyat https://yukselish.az/ saytı vasitəsilə aparılır və 31 mart saat 18:00-dək davam edəcək.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

2023-cü ildə isə növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixli Sərəncam imzalanıb.

PR-header-photo PR-header-photo PR-header-photo PR-header-photo