“Yüksəliş” müsabiqəsi əyani mərhələnin imtahanlarına start verdi.
“Yüksəliş” müsabiqəsi iyun ayının 11-də əyani mərhələnin imtahanlarına başladı. İmtahanlar Bakı şəhərində təşkil olunmuş 5 imtahan mərkəzində keçirilir. Əyani mərhələnin imtahanında müsabiqənin əvvəlki mərhələlərini uğurla keçmiş 1202 nəfər iştirak etmək haqqı qazanıb.
Əyani mərhələ “Qabiliyyət üzrə yoxlama” və “İdarəetmə bacarıqları” üzrə olmaqla 2 imtahandan ibarətdir. Qabiliyyət üzrə yoxlama imtahanı abstrakt və məntiqi düşüncə üzrə 25, rəqəmsal məlumatlarla işləmək bacarığı üzrə 25, verbal məlumatların təhlili üzrə 6 mətn olmaqla 24 sualdan ibarətdir. 2 saat ərzində keçirilməsi nəzərdə tutulan imtahanda iştirakçılar onlayn mərhələnin qabiliyyət imtahanında göstərdikləri ümumi doğru cavabların sayının ən azı 70 faizini, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırdığı sualların isə ən azı 50 faizini təkrar etməlidir.
Əyani mərhələnin «İdarəetmə bacarıqları üzrə imtahan”ına yalnız “Qabiliyyət üzrə yoxlama imtahan”ından uğurla keçən iştirakçılar buraxılacaq. Əyani mərhələnin yoxlama imtahanının nəticələri iştirakçılara həmin gün təqdim olunacaq.
Əyani mərhələnin «İdarəetmə bacarıqları üzrə imtahan”ında iştirakçılara qərarların verilməsi üzrə 20 situasiya və 29 sual, təndiqi düşüncə üzrə 20 tapşırıq və 60 sual, layihələrin, o cümlədən, iş prosesinin idarə edilməsi üzrə 20 situasiya və 30 sual, sosial intellekt kateqoriyası üzrə isə 20 situasiya və 36 sual təqdim olunacaq. İmtahana ümumilikdə 4 saat vaxt ayrılacaq.
Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunmuşdur.
Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə keçid edəcək. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə ikinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025