“Yüksəliş” müsabiqəsi “Kompetensiyalar əsasında müsahibə” adlı təlim keçirib
“Yüksəliş” müsabiqəsi “Kompetensiyalar əsasında müsahibə” adlı təlim keçirib. Təlim dövlət və özəl şirkətlərin nümayəndələrinə müsahibənin prinsipləri və kökündə duran meyarları barədə məlumat əldə etmək, həmçinin kompetensiyalar əsasında strukturlaşdırılmış müsahibənin aparılması üçün texnikaları mənimsəməyə imkan yaratmaq məqsədini daşıyır. “Kompetensiyalar əsasında müsahibə” “Yüksəliş” müsabiqəsi tərəfindən dəvət olunan təcrübəli xarici təlimçilər tərəfindən keçirilir. Təlimdə Elm və Təhsil Nazirliyi, Turizm və Menecment Universiteti, SOCAR, "Paşa Holdinq", "Kapital Bank", İctimai Televiziya və Radio Yayımları Şirkəti, AZAL, PMD şirkətlərinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.