1820

“Yüksəliş” müsabiqəsi qalibləri Fərid Qayıbov ilə görüşüb

Gənclər və idman naziri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Fərid Qayıbov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə gənclər və idman nazirinin müavini, müsabiqənin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

Nazir ilk olaraq qazandıqları nailiyyət münasibətilə qalibləri təbrik edib və onlarla yaxından tanış olub. O, görüş iştirakçılarına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb və onları yenilikçi ideyalarını reallaşdırmağa davam etməyə çağırıb.

F.Qayıbov bildirib ki, qaliblər müsabiqədə iştirak etməklə yalnız fərdi inkişaf üçün deyil, həm də ölkənin ümumi rifahının təmin edilməsi üçün yeni imkanlar əldə edirlər. Nazir onu da qeyd edib ki, peşəkar kadrların cəmiyyətə töhfə verməsi, onların sosial məsuliyyət hissinin artırılması və müasir çağırışlara çevik cavab verə bilən rəhbər şəxslər kimi formalaşması müsabiqənin əsas prioritetlərindəndir.

Sonda müsabiqə qalibləri səmimi görüşə görə nazirə təşəkkür edərək, ölkənin müxtəlif sahələrində aktiv rol oynamağa hazır olduqlarını bildiriblər.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.