“Yüksəliş” müsabiqəsi qaliblərinin xalq artisti Fərhad Bədəlbəyli ilə görüşü baş tutub
Azərbaycan Milli İncəsənət Muzeyində Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, tanınmış pianoçu və bəstəkar Fərhad Bədəlbəylinin “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşü keçirilib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.
Tədbirin əvvəlində qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib orada nümayiş olunan müxtəlif sənət əsərləri ilə yaxından tanış olublar. Muzeyin zəngin kolleksiyası çərçivəsində qədim və müasir Azərbaycan sənətinin nümunələri xüsusi maraqla qarşılanıb.
Görüşün əsas hissəsində Fərhad Bədəlbəyli “Yüksəliş” müsabiqəsinin qalibləri ilə yaxından tanış olub. O, çıxışında müsabiqənin ölkəmiz üçün daşıdığı əhəmiyyətə xüsusi diqqət çəkib. Fərhad Bədəlbəyli “Yüksəliş” müsabiqəsinin yalnız iştirakçıların fərdi bacarıqlarını artırmaqla kifayətlənmədiyini, həmçinin ölkənin gələcək nəsil liderlərinin yetişməsinə zəmin yaratdığını qeyd edib. Daha sonra o, musiqinin insan həyatındakı mənəvi əhəmiyyəti, incəsənətin cəmiyyətin inkişafında rolu və Azərbaycan musiqisinin beynəlxalq aləmdə tanıdılması üçün atılan addımlar haqqında ətraflı məlumat verib. O, çıxışında vurğulayıb ki, musiqi yalnız estetik zövqü artırmır, həm də insanların bir-birinə daha yaxın olmasında, onların ruhən zənginləşməsində mühüm rol oynayır.
Dəyərli sənətkar Azərbaycan mədəniyyətinin zəngin irsi, muğam sənətinin dünya musiqi xəzinəsinə verdiyi töhfələr və gənc musiqiçilərin inkişafı üçün yaradılan imkanlardan da bəhs edib. Fərhad Bədəlbəyli qalliblərə uğurlar arzulayaraq, onların ölkənin müxtəlif sahələrində lider kimi tanınacaqlarına və gələcəkdə böyük nailiyyətlər əldə edəcəklərinə inamını ifadə edib.
Tədbirin bədii hissəsində solo piano və vokal ifalar səsləndirilib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025