1820

“Yüksəliş” müsabiqəsi yarımfinal mərhələsinə start verdi

“Yüksəliş” müsabiqəsi iyul ayının 1-də yarımfinal mərhələsinə start verdi. Yarımfinal mərhələsi Beynəlxalq Kompüter İşlətmə Lisenziyası  (ICDL) əsasında  “Workforce” istiqaməti üzrə imtahanının təşkili ilə başlayıb. İmtahanda iştirakçıların rəqəmsal biliklərinin səviyyəsi dəyərləndirilib və eləcə də, beynəlxalq dərəcəli sertifikat almaq üçün şərait yaradılıb.

Daha sonra, iştirakçılar “Yüksəliş” müsabiqəsinin natiqlik proqramı çərçivəsində fərdi inkişaf və əsaslandırma qabiliyyətinin artırılmasına yönələn debatlarda iştirak ediblər. Debat sessiyasında yarımfinalçılar komandalara bölünərək mövqelərinə uyğun olaraq debatlarda iştirak ediblər. Sonda namizədlər hakimlər tərəfindən 13 bənd üzrə qiymətləndirilərək, müfaviq bal əldə ediblər.

Qeyd edək ki, ICDL imtahanı və debat sessiyası müvafiq olaraq Dövlət İmtahan Mərkəzi və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi ilə birlikdə  iştirakçıların fərdi inkişafına dəstək məqsədilə təşkil olunmuşdur.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyev  iştirak ediblər.

Əyani mərhələni uğurla başa vurmuş 332 iştirakçı yarımfinalda iştirak haqqı qazanıb. Yarımfinal mərhələsi 3 iyul tarixinə kimi davam edəcək.

“Qeyd edək ki, 17 fevral 2022-ci il qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsində 12299 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.