“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümünün ilk sınaq imtahanı baş tutdu

16.04.2024

Aprelin 14-də dördüncü “Yüksəliş” müsabiqəsi “Ümumibiliklər imtahanı” üzrə sınaq imtahanı ilə onlayn mərhələyə start verdi. 

Sınaq imtahanının keçirilməsində məqsəd iştirakçılara imtahan sistemi və sual nümunələri ilə tanışlıq imkanı yaratmaq idi. İmtahan hər blok üzrə 25 sual olmaqla “Azərbaycan bloku”, “Dünya bloku”, “İdarəetmənin əsasları”, “Müasir trendlər”  blokları üzrə aparılıb.İmtahan 11.00-da start götürüb və 90 dəqiqə müddətində davam edib. İmtahanda iştirak edə bilməyən iştirakçıların suallarla tanış olması məqsədilə imtahan vaxtı 15 aprel saat 20.00-dək uzadılıb. Sınaq imtahanına 9578 nəfər iştirakçı qoşulub. 

“Ümumi biliklər imtahanı” üzrə əsas imtahan aprel ayının 21-də baş tutacaq. İmtahandan minimum 60 bal toplayan iştirakçılar növbəti mərhələdə iştirak etmək haqqı qazanacaqlar. Ötən illərdən fərqli olaraq, onlayn mərhələ “Ümumi biliklər imtahanı” və CV turu olmaqla 2 hissədən ibarət olacaq. 

Qeyd edək ki, “Yüksəliş”müsabiqəsi ilə bağlı yaradılmış 1820 Çağrı Mərkəzi, sosial şəbəkələr və elektron poçt iştirakçıların texniki problemlərinə dəstək olmaq məqsədilə imtahan günü gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.