“Yüksəliş” müsabiqəsinin final mərhələsi yekunlaşıb

17.07.2022

 “Bakı Ekspo Mərkəzi”ndə keçirilən “Yüksəliş” müsabiqəsinin 3 gün davam edən final mərhələsi 17 iyul tarixində başa çatıb. Final mərhələsinin üçüncü günündə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev,  ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev,  DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Ombudsman Səbinə Əliyeva, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev,  İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Şahin Seyidzadə, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov,  “BP” şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Anar Novruzov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov və “Yüksəliş” İctimai Birliyinin sədri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

İştirakçılar Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə fərqli keyslər üzrə tapşırıqları yerinə yetiriblər. İdarəçi rəhbərlərin suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra İdarəçi rəhbərlər tərəfindən qiymətləndiriliblər. Belə ki, hər masaya təyin edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə ediləcək.

İkinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları 2 iş günü ərzində açıqlanacaq.

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 116 nəfər iştirakçı mübarizə aparırdı. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edir və onların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilir.

Qaliblər 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.