1820

“Yüksəliş” müsabiqəsinin İşçi qrupu ilə Dövlət İmtahan Mərkəzinin rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə, növbəti “Yüksəliş” müsabiqəsinə daxil olan ilkin mərhələlərin təşkili ilə  bağlı  müzakirələr aparılıb və iş planı müəyyən edilib. Həmçinin, müsabiqənin imtahan modeli müzakirə olunub, sualların və mövzuların hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə hazırlıq prosesi davam edir. Yaxın günlərdə qeydiyyat mərhələsinin başlanması ilə bağlı ictimaiyyətə məlumat veriləcək. 

Müsabiqə 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları əhatə edir. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və s.-in idarə olunması nəzərdə tutulur.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.