1820

“Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı”nın nəticələri açıqlanıb

Mayın 25-də əyani mərhələnin “Qabiliyyət imtahanı”nın nəticələri açıqlanıb. Əyani mərhələnin birinci turu olan “Qabiliyyət imtahanı”nda iştirak edən 3801 namizəddən 1311 nəfər “İdarəetmə bacarıqları” imtahanında iştirak hüququ qazanıb. Növbəti imtahana uğurla keçən namizədlərin 1124-ü kişi, 187-si qadındır. Növbəti mərhələyə keçən iştirakçıların 47.97%-i dövlət, 47.91%-i isə özəl səhədə çalışır.

Xatırladaq ki, builki müsabiqənin “Qabiliyyət imtahanı” 4 sessiya olmaqla Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu, Azərbaycan Republikasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan 161 nömrəli tam orta məktəb və 263 nömrəli tam orta məktəbdə baş tutub. İmtahanın sualları isə verbal, rəqəmsal və abstrakt təhlil olmaqla 3 blok üzrə hazırlanıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə qiymətləndirilib. T-şkalası təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrə əsasən həmin şkala üzrə maksimal bal 756, minimal keçid balı isə 538 müəyyənləşdirilib.

İştirakçıları qarşıda əyani mərhələnin “İdarəetmə bacarıqları” imtahanı gözləyir. Əyani mərhələnin “İdarəetmə bacarıqları” imtahanına yalnız “Qabiliyyət imtahanı”ndan uğurla keçən iştirakçılar buraxılacaq.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

“Yüksəliş” müsabiqəsinin dördüncü dəfə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.